Helianın “əxlaqsızlığı”
23 İyun 2016 13:33 SosialÖtən həftənin "Formula 1" sürəti ilə uçub gedən olayları elə "Formula 1" vıyıltısı ilə də yaddaşımızdan silindi, yalnız biri hələ də gözümüzün qabağındadı. İspan müğənnisi Enrike İqliseasın konsertində baş verən hadisədən bəzi saytlar və sosial şəbəkələr gündəm yaratdılar.
14-15 yaşlı yeniyetmə bir qızın konsert vaxtı müğənninin boynuna atılıb onu qucaqlaması bizim "qeyrətlilərimizin" qeyrət damarını yaman basdı: vaveyla, əxlaq əldən getdi!.. Çox yazdılar, çox dedilər, fasilə edib əl də saxlamadılar. "Bu qızın sahibi yoxdumu? Gecənin bu vədəsində onu təkbaşına niyə konsertə buraxıblar? Ayıb olsun, qız uşağı tanımadığı kişinin boynuna atılmaz" və s. bu və buna bənzər "müdrik" fikirlər gözləri mazol etdi. Sosial şəbəkələrdə isə daha da irəli gedərək qızın haqqında təhqiramiz, əxlaqa sığmayan sözlər yazıb müzakirə etdilər. İki gün sonra da məlum oldu ki, qız azərbaycanlı yox, italyan imiş. Bununla da qurbağa gölünə daş atıldı. Səs-səsə verib bağırışan, "namusu, əxlaqı əldən gedən qeyrətlilərin" qəzəbi söndü, namuslarına sərin su çiləndi...
Tutaq ki, qız heç əcnəbi deyil, hansısa azərbaycanlıdı. Bu qədər səs-küy yaratmağa, bu qədər təhqir, nifrin püskürməyə gərək var idimi? Təəccüb edirəm kiminsə qızını, bacısını müzakirəyə çıxarıb əxlaqsız sözlər deməyə haqqı hardan alırlar? Hansı əsasla yeniyetmə bir qızın şəxsi həyatına müdaxilə edib onu ictimailəşdirirlər? Düşünmürlərmi ki, bir gəncin taleyi ilə oynayırlar? Əgər o qız azərbaycanlı olsaydı, inanıram ki, mütləq onu axtarıb tapa bilərdilər. Kimlərinsə xoşuna gəlməyən adi bir hərəkətə qeyri-adi don geydirib günlərlə müzakirəyə çıxaranlar həmin qızın həyatını, taleyini dəyişəcəkdilər. Və günün birində özü də istəmədən kiminsə toruna düşüb, arzuları puç ola bilərdi. Çox şükür, bu dəfə bir azərbaycanlı ailə xəcalət girdabından xilas oldu və bir azərbaycanlı qızın taleyinə kölgə düşmək ehtimalı sıfıra endi.
Orta və yaşlı nəslin gəncliyində də hər kəsdən çox sevdiyi dünya ulduzu olub. Lap elə Enrikonun atası Xulio İqleseasın adını çəkə bilərəm. Amma dəyərlər zamanın tələbindən aşağıda durduğu üçün konsertlərdə belə hərəkətlərə yol verilmirdi. Cuşə gələn tamaşaçı səhnəyə çıxıb müğənnini qucaqlamağı ağlının ucundan belə keçirmirdi. Hər zamanın öz tələbi, öz əxlaqı, öz tərbiyəsi var. Sovet tərbiyəsi bambaşqa idi. O zaman dünyaya baxış da ayrı cür idi. Amma bu gün hər şeyin dəyişdiyi, sərhədlərin açıldığlı bir dövrdə 14 yaşlı qızın fanatı olduğu müğənninin boynuna sarılmasında əxlaqsızlıq elementi axtarmaq özü əxlaqsızlıqdı. Özü də bunu elələri edir ki, onların sovet tərbiyəsindən xəbərləri yoxdu, müstəqilliyin yetirmələridi.
Halbuki əxlaqsızlıq bu deyil. Əxlaqsızlıq bədənlərini satmaq üçün zəif iradəli, çarəsiz qadınları tora salaraq Dübaya, Türkiyəyə, Rusiyaya göndərən xüsusi adamların cəmiyyətdə yer tutmalarıdı. Əxlaqsızlıq qadın alveridi, əxlaqsızlığa gedən yolda ildən-ilə artan fahişələrdən pul qazanıb xan-bəy kimi yaşayanların meydan sulamalarıdı. Əxlaqsızlıq ölkədə az qala gündən-günə artan fahişə yuvalarından qazanc götürənlərin çürük mənəviyyatı və onların ağır cəzadan kənar qalmasıdı. Nə yazıq ki, belə hallar üçün qanunvericilikdə yüngül cəza müəyyənləşib. Azərbaycan Respublikası Cinayət Məcəlləsində əxlaqsızlıq yuvalarının saxlanması və cinsi
istismara məcburetmə üçün cərimə, yaxud şərti cəza nəzərdə tutulur. Doğrudu, qadınları fahişəliyə cəlb edənlərin tutulub ifşa olunması halları var. Amma bu, fahişə dünyasının ən ucuz və ən üzdə olan qatıdı. Daha dərinliklərə getmək hələlik mümkün deyil, ya da Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşları oralara enə bilmirlər.
Fahişəliyə zorla cəlb olunan qadınlar bəzən başlarına gələnləri danışır, bu yola necə düşdüklərini, kimlərin onları buna sövq etdiklərini açıqlayırlar. Amma bu, onlara haqq vermir. (Və mən də onların hərəkətini təqdir etməkdən tam uzağam). Belələrinin çox az bir hissəsi yenidən cəmiyyətə adaptasiya olunsalar da, həmişə başları aşağı olur, "damğalanmış" imicləri ilə insanlar tərəfindən ikrahla qarşılanırlar. Əvvəldə dediyim "qeyrət, namus" mücəssəmələri isə belə hallara göz yumur, ictimai qınaqdan da yan gəzirlər. Gücləri 14 yaşlı yeniyetmənin hisslərini cilovlaya bilməməsindən doğan fanat-müğənni münasibətinin səmimi görüntüsünə çatır. Bunun isə adı aqressiyadı, gənc bir qızın hisslərinə təcavüzdü.
Tez-tez sosial şəbəkələrdə, saytlarda, televiziya efirlərində tanınmış modelin, yaxud da başqa bir incəsənət nümayəndəsinin yarımçılpaq şəkilləri nümayiş olunur. 14 yaşlı qıza dodaq büzənlər, əxlaqsız deyən "qeyrətlilər" onların bu hərəkətini cəsarət adlandırırlar. Deməzsənmi, bəs filan model, yaxud da filan müğənni xanım cəsarət nümayiş etdirib, ora-burasını açıb. Gülməlidi, sadəcə... Amma bir məqamda etiraz etmək fikrim yoxdu. Çünki onların çörəyi bu cür şəkillərdən, bu cür "cəsarət"dən çıxır, necə deyərlər bu, bir növ onların işidir. Axı bütün hallarda həmin xanımlar azərbaycanlıdır. Bəs, niyə "milli-mənəvi dəyər, mentalitet" deyib yaxalarını cırmırlar?
Bir var ki, yeniyetmə fanat minlərin, milyonların gözü qabağında illərlə canlı görmək arzusunda olduğu müğənnini görəndə hər cür qadağanı, mühafizəni gözə alıb səhnəyə çıxaraq onu qucaqlayır, lap elə boynuna sarılaraq həyatının ən gözəl, bir ömür unuda bilməyəcək anlarını yaşayır. Bir də var ki, hər gecə qapalı bir məkanda bir kişinin boynuna sarılıb bədənini satır. Bədəni ilə pul qazanan ikinci bir zümrə də var: manekenlər, modellər, rəssam qarşısında çılpaq şəkildə poz verənlər, striptiz göstərənlər. Bu məqamda maraqlı bir mənzərə yaranır. Son iki zümrədən birincisinin hərəkətinə əxlaqsızlıq, fahişəlik, ikincilərin addımına cəsarət deyirlər. Hər iki zümrədən fərqli görünən və üstün olanın adına da həyasız, abırsız, ləyaqətsiz, hətta əxlaqsız damğası vururlar.
Sonuncu çox ağır ittihamdı. Halbuki hər bir insanı hiss etmək, duymaq lazımdı. Birtərəfli mühakimə yürütmək olmaz. Bir də görürsən ki, kimsə yaxşı bir iş görmək istəyir, ancaq onu qova-qova namərd edirlər. Bu dünyada kompüter arxasında oturub qabağında pürrəngi çay, əsnəyə-əsnəyə kiminsə ürəyinə tikan batırmaq, onu dünya işığından məhrum etmək, qiyabi olaraq pislik damğası vurmaq kimi mühakimələrdən ədalətsiz bir iş yoxdu.
P.S. Enrike İqlesiasın Bakı konsertində səhnəyə çıxan Helia adlı qız danışıb: "14 yaşım var, İrandan gəlmişəm. Enrikenin qucağına tullanan həmin qız mənəm. Bu hərəkəti ikinci dəfədir ki, edirəm. Enrike məni bir müddətdir tanıyır. Elə ona görə də səhnəyə tullandım".
Vəssalam. Bu da bu...
Züleyxa Nadir