FHN-də Avstriya Federal Daxili İşlər Nazirliyinin ekspertləri ilə görüş keçirilib
22 İyun 2016 16:22 Sosialİyunun 22-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində ölkəmizdə səfərdə olan Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin ekspertləri ilə görüş keçirilib. FHN-dən verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat vermiş, nazirliyin nümayəndə heyətlərinin müxtəlif illərdə Avstriyaya səfərləri, o cümlədən İnsbruk şəhərində keçirilmiş təlimlərdə iştirakını xatırlatmışdır. O, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrə mühüm töhfə verdiyini vurğulamış və Fövqəladə Hallar Nazirliyi üçün Avstriyanın uyğun qurumlarının təcrübəsinin maraqlı olduğunu bildirmişdir. Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin xüsusi əməliyyat eksperti polkovnik Hans Ebner səmimi görüşə görə təşəkkürünü bildirmiş, ölkəmizdə olacaqları müddətdə yanğından mühafizə, axtarış-xilasetmə üzrə azərbaycanlı həmkarları ilə geniş təcrübə mübadiləsi aparılacağını söyləmişdir. Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı ilə tanış olmuşlar. Səfər çərçivəsində avstriyalı ekspertlər iyunun 26-dək FHN-in qurumlarında olacaq, həmçinin, FHN Akademiyasında seminar keçirəcəklər.