Nostradamusun 2016-ci il ilə bağlı dəhşətli proqnozu aşkarlanıb
22 İyun 2016 15:23 SosialAstroloq: "Bu insanları xofda saxlamaqdan başqa bir şey deyil"
Parapsixoloq: "Deyilənlər yalan və arqumentsizdir"
Nostradamusun 2016-сı il üçün olan dəhşətli proqnozu üzə çıxıb. Belə ki, mütəxəssislər məşhur astroloq, kahin və münəccim Nostradamusun öncəgörmələrindən birini oxuyublar. Onun proqnozlarından bəziləri, məsələn miqrantların Avropaya axını və Yaxın Şərqdəki mövcud vəziyyət artıq reallaşmağa başlayıb.
Alimlər iddia edirlər ki, Nostradamus Barak Obamanın ABŞ-ın son prezidenti olacağını deyib. Üstəlik, 2016-cı il ümumiyyətlə, dünyanın sonu ola bilər. Belə ki, ilin sonunda qlobal tufan nəticəsində dünya su altında qala bilər.
Nostradamus böyük dövlətlər arasında təbii sərvətlər uğrunda qarşıdurma yaranacağı haqda da xəbərdarlıq edib. Alimlərin sözlərinə görə, burada söhbət Rusiya və ABŞ-dan gedir.
XVI əsrin astroloqu əmindir ki, bəşəriyyət bu ilin sonunadək yad planetlilərlə əlaqə yaratmağa nail olacaq. Bu fonda məşhur fizik Stiven Xokinqin fantastik şərhi qəribə səslənir. Məsələ ondadır ki, bu yaxınlarda kosmosdan sirli siqnallar qeydə alınıb.
Maraqlıdır, doğrudanmı, 2016-cı il dünyanın sonudur?
Astroloq Səbuhi Rəhimli bunun reallıqdan kənar və dünyanın siyasət dəllallarının uydurması olduğunu dedi: "Zaman-zaman dünyanın siyasət dəllalları Nostradamus, Vanqa, Edqar Keys və Rano Nero kimi adamların adından öz məqsədləri üçün istifadə ediblər. Bu da o silsilədən biridir. Ortaya iki sual çıxır. Birinci sual odur ki, bu proqnoz niyə məhz indi üzə çıxır və ya çıxarılır? İkincisi isə Nostradamusun belə bir proqnozu olubsa, niyə yüzlərlə tədqiqatçının gözündən yayınıb? Xatırlayırsınızsa, 2012-ci ilin 21dekabrında da belə bir şayiə ortaya atmışdılar. Bu fikri təsdiqləmək üçün şoulaşmış bir neçə alimin fikirlərini də ortaya atırlar. Yekun olaraq bildirim ki, bu, insanları xofda saxlamaqdan başqa bir şey deyil. Hətta 2015-ci ilin noyabrında da belə bir söz demişdilər. Bütün bunlar ciddi əsası olmayan fikirlərdir".
Bioenergetik, parapsixoloq Rafiq Cərullayev də deyilənlərin yalan və arqumentsiz olduğunu bildirdi:"Hansısa proqnozu vermək üçün elmi göstəricilər, ciddi arqumentlər, əsaslar olmalıdır. Lakin bu istiqamətdə təəssüf ki, bayağı və bir qədər də şou xarakterli fikirlər daha çox üstünlük təşkil edir. Nə məqsədlə edildiyini deyə bilmərəm, amma bildiyim odur ki, deyilənlər yalan və arqumentsizdir. Hələ ilin əvvəlində bir qəzetdən Nostradamusun "2016-cı ildə Avropada adam qalmayacaq" proqnozunu oxuyub, gülmüşdüm".
Xatırladaq ki, R.Cərullayev hələ ilin əvvəlində aşağıdakı proqnozları ilə mətbuatda çıxış etmişdi: "Rusiyada 2017-ci ilədək maddi-mənəvi problemlər yüksək həddə çatacaq. Terror hadisələri baş verəcək. Yeni dövlət başçısı seçiləcək və aqressiv vəziyyətlər yaranacaq. İsrail dövləti daha da güclənəcək. Avropa ölkələrində dağıntılar, iğtişaşlar olacaq. Yaxın və Uzaq Şərq ölkələrində fırtına, qasırğa və zəlzələlərin sayı artacaq. Ermənistanda xalq çox acınacaqlı günlərini yaşayacaq".