AzTU-da mediatur təşkil olunub
22 İyun 2016 14:20 Sosialİyunun 22-də Azərbaycan Texniki Universitetində (AzTU) yay imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, KİV nümayəndələri, ekspertlər və valideynlər auditoriyalarda imtahanların gedişini izləyib, yay imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin edilməsini müşahidə ediblər. AzTU-nun rektoru, professor Havar Məmmədov bildirib ki, bu il yay imtahan sessiyasında təxminən doqquz minədən çox tələbə iştirak edəcək. Xüsusi texnika və texnologiya fakültəsində, "SABAH" qruplarında, TEMPUS layihəsi üzrə və qiyabi şöbələrdə təhsil alan tələbələr, eləcə də magistrantlar yazılı, digər tələbələr isə test üsulu ilə imtahan verirlər. Rektor qeyd edib ki, universitetdə tədris prosesi və imtahanların təşkili üzrə bütün məsələlər bu ali məktəbdə yaradılmış elektron universitet portalı vasitəsilə nəzarətə götürülür, həm yazılı, həm də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal kompyuterin ekranında görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb. Yazılar şifrələnir, sonra yoxlanılır. Həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda isə bütün imtahanların nəticələri universitetin elektron portalında yerləşdirilir.