Xaçmaz şəhərində “Multikultural dəyərləri yaşadaq” adlı beynəlxalq festival keçiriləcək

İyunun 24-də Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Xaçmaz rayon İcra Hakimiyyəti və Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə sözləri Prezident İlham Əliyevə məxsus olan "Multikulturalizmin alternativi yox" şüarı altında "Multikultural dəyərləri yaşadaq" adlı Beynəlxalq festival keçiriləcək. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, tədbirin məqsədi Azərbaycanda tarixən multikultural dəyərlərin qorunması, yaşadılması və təbliğidir. Ənənəvi xarakter daşıyacağı "Multikultural dəyərləri yaşadaq" adlı Beynəlxalq festival Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin, Xaçmaz rayon İcra Hakimiyyəti başçısı Şəmsəddin Xanbabayevin, Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayevin, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyevin, Azərbaycanda akkreditə olunmuş səfirliklərin nümayəndələrinin, xarici qonaqların və KİV-lərin iştirakı rayon tarix-diyarşünaslıq muzeyində, Mədəniyyət və istirahət parkında və Xalça muzeyində baş tutacaq. Festival çərçivəsində multikultural dəyərləri tərənnüm edən 5 müxtəlif səpkili tədbirlər təşkil olunacaq. Ümumilikdə festivalda 37 rayondan 400 nəfərə yaxın qonaqların iştirakı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00