İşaxtaranlar hansı baryerləri aşmalıdırlar?

Peşəkar kadr olmalı, yoxsa işəgötürənin tələblərinə cavab verməlidir? 
 

Son on ildə ölkədə yaradılan yeni iş yerlərinin sayı ölkədə işsizlik probleminin aradan qalxmasına ciddi təsirini göstərib. Dövlət başçısının tapşırığına əsasən özəl şirkətlər və dövlət qurumları tərəfindən əhalinin işlə təmin olunması istiqamətində ciddi addımlar atılmaqdadır. Bu məqsədlə hətta illərlə müxtəlif məqsədlər üçün gizlədilən vakant iş yerləri də müəyyən edilərək işaxtaranlara təqdim edilib. Bu isə o deməkdir ki, Azərbaycan dövləti əhalinin məşğulluq məsələsini daim diqqətdə saxlayır. Prezident İlham Əliyev bu günlərdə Nardaran ictimaiyyəti ilə görüşündə bildirib ki, iş yerlərinin açılması prosesi daim getməlidir: "Son illərdə Azərbaycanda bu istiqamətdə böyük işlər görülüb, ancaq əhali artır. Bu da iqtisadi inkişafımızın təzahürüdür. Çünki insanlar daha da yaxşı yaşayır və beləliklə, demoqrafik vəziyyət yaxşılaşır. Ancaq, eyni zamanda, bu, yeni iş yerlərinin yaradılmasını tələb edir. Ölkə iqtisadiyyatı, sənaye istehsalı, bax, bu demoqrafik vəziyyətə uyğun şəkildə inkişaf etməlidir. Ona görə, iş yerlərinin yaradılması daimi prosesdir. Baxmayaraq ki, son illər ərzində bir milyondan artıq iş yeri yaradılıbdır, biz, əlbəttə, bu məsələni daim diqqət mərkəzində saxlamalıyıq. İş yerlərinin yaradılması investisiya tələb edir, dövlət, özəl sektor sərmayə qoymalıdır. Buna görə də biznes mühiti daha da yaxşı olmalıdır. Bu istiqamətdə son vaxtlar çox ciddi addımlar atılır, islahatlar dərinləşir və beləliklə, ölkəmizin dayanıqlı inkişafı təmin edilir". Ancaq, çox təəssüf ki, bəzi sahibkarlar işaxtaranlar qarşısına elə tələblər qoyurlar ki, həmin tələblərlə istənilən elmlər namizədinin adi fəhlə işinə düzəlmə ehtimalı sıfıra enir. Kiçik bir araşdırma zamanı bəlli oldu ki, sahibkarlar istənilən vakant vəzifəni tutmaq üçün işaxtarandan Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməsini, üstəlik ofis proqramlarını da mükəmməl öyrənməsini tələb edirlər. Bu tələblər müqabilində cəmi 250-300 manat əmək haqqı təklif edən sahibkarlar iş vaxtını da 12 saata qədər uzadırlar. Artıq iş vaxtına, zərəli əməyə, bayram günləri işləməyə görə qanunvericilikdə nəzərdə tutulan əlavələrin verilməsi yadına düşməyən işəgötürənlər işçidən bir dəqiqə geçikdiyi üçün 50-60 manat tuturlar. Hansı ki, işçi həmin vəsaiti 4-5 iş gününə qazana bilmir. Onu da bildiriək ki, hazırda işaxtaranlar üçün əlavə problem yaradan qurumlardan biri də işədüzəltmə müəssisələridir. Belə ki, işədüzəltmə agentlikləri işaxtarandan ilkin ödəniş alaraq guya vakant iş yeri olan müəssisəyə göndəriş verirlər. Lakin işaxtaran ünvana çatanda bəlli olur ki, ya ümumiyyətlə elə bir iş yeri yoxdur, ya da bir neçə gün öncə işçi götürülüb. Beləliklə işaxtaran qalır işədüzəltmə agentliyi ilə müəssisə arasında. Sonda məlum olur ki, sən demə işaxtaran həmin müəssisənin tələblərinə cavab vermir. Əslində işaxtarana vakant vəzifədə işləməsi üçün heç bir zaman lazım olmayacaq tələblərin irəli sürülməsi bəhanədən başqa bir şey deyil. Bakı sakini İlham Zeynalov bildirib ki, əslində işəgötürən istəyir ki, onun işçisi bütün standartlara cavab versin, onun işini heç bir problem olmadan apara bilsin. Ancaq bu o demək deyil ki, istənilən vəzifəni tutmaq üçün bir necə xarici dil bilmək və kampüter proqramlarını idarə etmək bacarığı olmalıdır: "Mən ilk dəfə işə düzəlmək istəyəndə Azərbaycan, rus və ingilis dillərini bilmək tələb edilirdi. Görəndə ki, bütün iş yerlərində bu tələb əsas götürülür, məcbur olub kurslara getməyə başladım. Nəhayət iki ildən sonra işə düzələ bildim. Hazırda 5 ildir ki, özəl şirkətdə işləyirəm. 700 manata qədər əmək haqqı alıram. Ancaq indiyə qədər heç vaxt işimdə rus, yaxud ingilis dilindən istifadəyə ehtiyac olmayıb". Digər bir məsələ iş staji tələbi ilə bağlıdır ki, hazırda bu məsələ də əməlli-başlı problem yaradır. Belə ki, istənilən işəgötürən təklif etdiyi vakant iş yeri üçün 2-3 il iş stajı tələb edir ki, hazırki vəziyyətdə belə bir staja nail olmaq elə də asan məsələ deyil. Nəzərə almaq lazımdır ki, ali məktəbi bitirən kadrlar üçün bu qədər iş stajı əldə etmək müşkül məsələdir, digər tərəfdən isə elə vəzifələr var ki, onlar üçün 3 il staj toplamaq bir neçə ildən sonra mümkün olacaq. Belə halda işaxtaran tələb olunan iş stajını haradan əldə etmlidir? Yaxud, işçinin xarici görünüşü, boyu, çəkisinə görə işə cəlb edilməsi halları baş verirsə bunun məqsədli şəkildə, özü də pis niyyətlər üçün edildiyi şübhə doğurmur. Bu zaman işə ehtiyacı olan insanlar bəzən hətta cinsi istismara məruz qalır. Bir müttəd öncə "İelts Plus center" tədris mərkəzi ətrafında cərəyan edən hadisələr buna sübutdur. "İelts Plus center" tədris mərkəzində katibə vəzifəsi üçün Facebook sosial şəbəkəsində elan verilib və iş üçün müraciət edən xanıma qarşı fərqli münasibət göstərilib. Belə ki, şəxsi yazışmalar (inbox) bölməsində xanıma işgüzarlığı və iş qabiliyyəti əvəzinə boy, yaş, çəkisi ilə bağlı suallar ünvanlanıb. Daha sonra söhbət əsnasında ondan "müdirə xidmət" təklif edilib: "Siz daim müdirin yanında olacaqsınız, ona xidmət edəcəksiniz. Bütün gün onunla onun getdiyi yerlərə gedəcəksiniz. O, hara getsə, siz də gedəcəksiniz. Müdirin otağında oturacaqsınız. Şəklinizi də göndərin". Gənc xanım inbox yazışmasını ictimailəşdirib, üzvü olduğu xanımlar qrupunda paylaşaraq başqalarına bu iş yerinə müraciət etməməyi tövsiyə edib. Müzakirələrin tədris mərkəzində onlara bu təklifi edən şəxslərin adlarını çəkiblər. Baş verənlərlə bağlı danışan, özünü şirkət rəhbəri kimi təqdim edən Elman Səfərov isə bunun rəqiblər tərəfindən edildiyini bildirib: "Bu, bizim rəqiblərimizin, düşmənlərimizin işidir. Bizi gözdən salmaq üçün belə edirlər. Burada belə bir şey tələb oluna bilməz, ümumiyyətlə belə şey ola bilməz". "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, çox təəssüflər olsun ki, hələ də belə şirkətlər fəaliyyət göstərir və özlərinə işçi tələb edərkən onun iş qabiliyyətini deyil, boyu, çəkisi, digər parametrləri ilə maraqlanırlar. Əgər ondan boy, çəki, şəkil, xarici görünüş tələb edilirsə, bu artıq seksual xarakter və şirkət rəhbərinin öz seksual tələbatını ödəmək niyyəti daşıyır. Bu, açıq-aydın hiss olunur. Bir insan, bir xanım işçi tələb olunursa, ələlxüsus da katibə vakansiyasına görə tələb varsa, o zaman onun kargüzarlıq fəaliyyəti öyrənilməlidir, işgüzar qabiliyyəti yoxlanmalıdır. Əgər işçinin xarici görünüşü, boyu, çəkisi aidiyyatı olmayan sahədə işə qəbulla bağlı tələb edilirsə, bu, birbaşa olaraq intim, seksual xarakter daşıyır. Göründüyü kimi hazırda elə işəgötürənlər var ki, onları işaxtaranın bacarıqlı kadr olması, peşəkarlığı deyil, sahibkarın müəyyən etdiyi kriteriyalara uyğun gəlməsi əsas götürülür. 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00