Hamilə qadınlar imtiyazlarından yaralana bilmirlər
22 İyun 2016 13:07 SosialSon vaxtlar ölkədə əmək qanunvericiliyinin pozulması hallarına tez-tez rast gəlinir. Rəsmi statistikaya görə, belə hallar daha çox özəl sektorda baş verir. Ancaq buna baxmayaraq, ölkədə qüvvədə olan əmək qanunvericiliyi mülkiyyət formasından asılı olmayaraq bütün idarə və müəssisələrə şamil olunur. Ekspertlərin qənaətinə görə, əmək qanunvericiliyi ən çox qadınlara, xüsusən də hamilə qadınlara münasibətdə pozulur. İlkin olaraq sahibkar gələcəkdə yarana biləcək hər hansı problemdən sığortalanmaq məqasədilə hamilə qadınları işə götürməkdən yayınır. İşə götürülən qadınlar isə hamilə olduqdan sonra qanunvericilikdə onlar üçün nəzərdə tutlan əksər imtiyazlardan yararlana bilmirlər. Hətta bu imtiyazları tələb edən hamilə qadınlardan işdən azad olunmaları ilə bağlı əvvəlcədən ərizə yazmaları tələb olunur. Digər qanun pozuntularından biri də hamiləliyə və doğuma görə müavinətin hesablanması qaydasıdır ki, hazırki şəraitdə istənilən sahibkar qəpiyinin qədrini bilməyə başlayıb. Maqraqlıdır, qanunvericilikdə hamiləliyə və doğuma görə müavinətin hesablanması və ödənilməsi hansı qaydada həyata keçirilir? Qeyd edəık ki, hamiləliyə və doğuma görə müavinətin hesablanması və ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"yə müvafiq aparılır. Əsasnamənin 68-ci bəndinə əsasən hamiləliyə və doğuma görə məzuniyyətin verilməsi sığortaolunanın işdən azad olunmasının düzgünlüyü ətrafında mübahisə getdiyi dövrə təsadüf edərsə, bütün hallarda müavinət verilir. Bu zaman müavinət hamiləliyə və doğuma görə məzuniyyətin bütün dövrünə düşən iş günləri üçün verilir. Əsasnamənin 70-ci bəndinə əsasən hamiləliyə və doğuma görə məzuniyyət müddəti növbəti (əsas və ya əlavə) məzuniyyət və ya uşağa qulluq edilməsi üçün verilən məzuniyyət (həmçinin əmək haqqı saxlanılmadan) dövrünə təsadüf edərsə, bu zaman xəstəlik vərəqəsinə əsasən hamiləliyə və doğuma görə məzuniyyətin bütün günləri üçün müavinət verilir. Əsasnamənin 28-ci bəndinə görə hamiləliyə və doğuma görə məzuniyyət üçün verilən müavinətin məbləği işçinin məzuniyyətə çıxdığı aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta ğündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Əsasnamənin 72-ci bəndinə əsasən hamiləliyə və doğuma görə müavinət bütün hallarda qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. Əsasnamənin 30-cu bəndinə əsasən müavinət hesablanarkən nəzərə alınan bütün növ qazanclar, о cümlədən həmin ayda əmək haqqı ilə verilən mükafatlar qazanca onların hesaba alındığı vaxt üzrə daxil edilir. Əməyin ödənilməsi fondundan verilən mükafatlar, əmək haqqına əlavələr orta aylıq miqdarında, onların keçən ildə hesablanmış ümumi məbləğinin 12 aya bölünməsi yolu ilə nəzərə alınır. Mükafatların ümumi məbləği bölünən aylarda işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə tam işləmədiyi aylar, hamiləliyə və doğuma görə verilən məzuniyyət, uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət nəzərə alınmır. Hesablama üçün 3 aydan az müddət götürülürsə, onda hər ayda rüblük mükafatın üçdə bir hissəsindən çоx olmayan məbləğ hesaba alınır. Müəssisənin illik fəaliyyətinin yekununa görə əməyin ödənilməsi fondundan mükafatlar və uzun müddət işləməyə görə verilən birdəfəlik mükafatların bütün hallarda оn ikidə bir hissəsi aylıq əmək haqqına əlavə olunur. Əgər işçi əvvəlki təqvim ilinin çоx hissəsini və ya bütün ili bu səbəbdən işləməmişdirsə, onda həmin işçi üçün mükafatın orta aylıq məbləği keçən və ya cari təqvim ilində işə qəbul olunmuş işçilər üçün nəzərdə tutulmuş qaydada müəyyən edilir. Məsələn, qadın hamiləliyinə və doğuma görə məzuniyyətə 2014-cü ilin dekabr ayında çıxmış və uşaq yaşyarımına çatanadək işləməmişdir. 2015-ci ilin avqust ayında işə başlamış və 2016-cı ilin iyul ayında xəstələnmişdir. Belə halda ona orta aylıq mükafat 2015-ci ilin avqust ayından 2016-cı ilin iyul ayına qədər olan dövrdə hesablanmış mükafatı nəzərə almaqla müəyyən edilməlidir. Əsasnamənin 74-cü bəndinə əsasən işləyən valideynə müavinət iş yeri üzrə uçotda olduğu Dövlət Sosial Müdafiə Fondu orqanı tərəfindən, əgər hər hansı bir səbəbdən uşağın valideynləri işləmirlərsə müavinət yaşayış yeri üzrə əhalinin sosial müdafiəsi mərkəzləri vasitəsilə ödənilir. Eyni zamanda, Əsasnamə"nin 73-cü bəndinə əsasən uşaq doğularkən ailəyə qanunvericilikdə müəyyən olunmuş məbləğdə birdəfəlik müavinət verilir.Uşaq doğmuş ana işləmədiyi halda və ya hər hansı bir səbəbdən uşağın anası yоxdursa, müavinət işləyən ataya verilir. Uşağın anadan olmasına görə birdəfəlik müavinət 82,5 manat (01 dekabr 2011-ci ildən) məbləğində verilir. Uşaq doğuşuna görə birdəfəlik müavinət, müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır.
Alim