“Formula-1”-Azərbaycanı tanıtmaq üçün əla fürsət
Sahib Alıyev: “Yarışmanın əsl Qran-pirisini Azərbaycan alacaq”
17 İyun 2016 13:16 SosialBakıda "Formula-1" üzrə dünya çempionatının səkkizinci - Avropa Qran-pri yarışlarına start verilir. Məlumat üçün bildirək ki, hər biri iki pilotla təmsil olunan 10 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı şəhər halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Nadir xüsusiyyətlərə sahib Bakı şəhər halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil olan İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcəklər.
Layihənin müəllifi bütün müasir "Formula-1" treklərinin memarı olan Herman Tilkedir. Bakı şəhər halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqamı qarşıya məqsəd qoyublar. Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində olacaq. Ümumilikdə 30 minə yaxın tamaşaçı yarışı tribunalardan canlı izləyə biləcək. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edəcək.
Bütün bunlar yarışların texniki, bir qədər də təbliğat tərəflərini əks etdirən göstəricilərdir. Ancaq məsələyə bir qədər də geniş aspektdə yanaşıldıqda "Formula-1" yarışlarının siyasi, iqtisadi, mədəni və s. üstünlüklərini də görə bilərik.
Siyasi üstünlük-Heç şübhəsiz ki, istənilən bir yarış, turnir, yaxud qeyri-idman sahəsini əhatə edən beynəlxalq tədbirlər yalnız siyasi cəhətdən sabit olan ölkələrdə keçirilir. Bir qayda olaraq həmin tədbirlərin təşkilatçıları, təşəbbüskarları, iştirakçıları siyasi cəhətdən qeyri-sabit ölkədə qətiyyən bu cür tədbirlərin keçirilməsinə razılıq verməzlər. Bu mənada "Forumula-1" yarışlarının Azərbaycanda keçirilməsi ölkəmizdə sabitliyin qorunub saxlanıldığı, bunun beynəlxalq aləm tərəfindən də bir reallıq olaraq qəbul edildiyinin əyani sübutudur. Necə ki, keçən il Birinci Avropa Oyunlarına evsahibliyi etməyi öz üzərinə götürərkən məlum tərəflər buna heç bir etiraz bildirmədi, indi də "Formula-1" yarışlarının Azərbaycanda keçirilməsi böyük dəstək gördü.
İqtisadi üstünlük-Hər kəsə bəllidir ki, bu kimi tədbirlərə çox böyük maraq olur. Yarışların təşkilatçılarının verdiyi açıqlamalardan da bəlli olur ki, "Forumla-1"in biletlərinin hamısı satılıb. Burada üstün məqam ondan ibarətdir ki, həmin biletlərinin alıcılarının mütləq əksəriyyəti məhz xaricilərdir. Yarışları izləməyə gələcək hər bir xarici vətəndaş eyni zamanda Azərbaycana təşrif buyuracaq turist sayılır. Onların bir neçə gün ərzində Bakıda olarkən sərf etdikləri vəsait iqtisadiyyata öz müsbət təsirini gstərəcək. Hər bir izləyicinin Bakıda olduğu
müddət ərzində qalacaqları otel-mehmanxanalar turizmin inkişafına müsbət təsir göstərən amillərdəndir. Bir faktı da nəzərə almaq lazımdır ki, bu gün "Formula-1"I izləməyə gələn hər bir xarici vətəndaş növbəti illərdə Azərbaycana təşrif buyuracaq turist deməkdir. Çünki Bakıda olduğu bir neçə gün ərzində ölkəmizin turizm potensialı ilə tanışlıq onlarda qarşıdakı müddətdə Azərbaycana turist kimi səfər etmək marağı da oyadacaq.
Mədəni üstünlük-"Formula-1"in istər iştirakçıları, istərsə də izləyiciləri Azərbaycanda olduğu müddət ərzində ölkəmizin adət-ənənləri, tarixi mədəni abidələri, mətbəxi və s. barədə də məlumat əldə edə biləcəklər ki, bud a ümumilikdə Azərbaycan mədəniyyətinin təbliği deməkdir.
Göründüyü kimi "Formula-1" yarışları bütün parametrləri üzrə Azərbaycana yalnız uğurlar gətirəcək, onun müsbət imicinə işləyəcək bir tədbirdir. Elə əksəriyyət də bu qənaətdədir.
Millət vəkili Sahib Alıyev deyir ki, Xalqımızı, ölkəmizi tanıtmaq, bura turist cəlb etmək üçün "Formula-1" doğrudan da əla bir fürsətdir: "Bu yarışların ölkəmizdə keçirilməsində güdülən məqsəd nədir? Iyunun 7-də Berlində, Azərbaycan-Almaniya İqtisadi Forumundakı çıxışında cənab Prezident bu məsələyə də toxunmuşdu: "Beş yüz milyon insan bu yarışı izləyəcək və bu, şəhər halqası olduğundan onlar təkcə stadion və avtomobilləri deyil, inkişaf etmiş Bakı şəhərini görəcəklər. Ümid edirəm ki, hətta yarışı izləyənlərin cəmi 1 faizi Bakıya gəlsə, bu, bizim turizm sənayesi üçün böyük əhəmiyyət kəsb edəcək. Turizm üçün bizim bütün lazımi ilkin şərtlərimiz var - əlverişli coğrafi mövqe, sabit siyasi vəziyyət, təhlükəsizlik, qonaqpərvər insanlar, yaxşı iqlim, yaxşı qida və çoxlu tarixi abidələr. Turistləri cəlb etmək üçün yeganə ehtiyacımız olan şərt bunu dünyaya, Avropaya təqdim etməkdir. Düşünürəm ki, "Formula-1" bunu etmək üçün ən yaxşı yoldur". Millət vəkili deyir ki, yarışlarda iştirak etməkdən daha çox ölkəyə turist gələcək: "Xalqımızı, ölkəmizi tanıtmaq, bura turist cəlb etmək üçün "Formula-1" doğrudan da əla bir fürsətdir. Bəli, gözəl təbiətimiz var, dövlətimiz də göründüyü kimi əlindən gələni etməyə çalışır ki, Azərbaycana üz tutanların sayı artsın. İndi hər şey sərhədçi, gömrükçü, otelçi, restorançı, bələdçi, taksiçi, xidmətçi və vətəndaş olaraq bizdən asılıdır. Xalqımız haqqında təəssüratın özümüzdən başladığını düşünsək, ləyaqətli hərəkət etsək, mədəni davranmağı bacarsaq, qaz vurub qazan doldurmaq niyyətinə düşməsək, girəvəçilik psixologiyasından əl çəkə bilsək, təmizliyə diqqət yetirsək, əminəm ki, ölkəmizə indi "Formula-1"-ə baxmağa gələnlərdən qat-qat artıq turist gələcək. Bir sözlə, bu yarışmada məni ən çox maraqlandıran hansı pilotun birinci olacağı deyil, "Formula-1"-dən nə dərəcədə faydalanacağımızdır. Bir daha vurğulayıram, hamımızın yaxşı bildiyimiz çatışmayan tərəflərimizi aradan qaldıra, nəfsimiz üzərində qələbə çala bilsək, bu yarışmanın əsl Qran-pirisini Azərbaycan alacaq, biz alacağıq".
Süleyman İsmayılbəyli