Milli Preventiv Qrupun üzvləri xəbərsiz başçəkmə keçiriblər
27 May 2016 15:41 SosialAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər. "Olaylar" xəbər verir ki, başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, beynəlxalq standartlara və Cəzaçəkmə müəssisələrinin daxili intizam Qaydalarına uyğun şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub. MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisənin tibb-sanitar hissəsi, cərimə təcridxanası, karantin otağı və digər obyektlərinə baxış keçirilib, saxlanılma şəraiti, qidalanma, tibbi yardım, sovqat qəbulu, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə, habelə əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icrası üzrə görülmüş işlər yerində araşdırılıb. Başçəkmə çərçivəsində Müvəkkilə müraciət etmiş məhkumlar, habelə bir sıra şəxslər öz xahişləri ilə təkbətək qəbul edilib, müraciətləri dinlənilib, tibbi müayinə, saxlanılma şəraitinə dair bəzi müraciətlər isə yerində araşdırılaraq təmin edilib. Ümumilikdə isə, qəbul olunmuş məhkumlar saxlanılma şəraitindən və rəftardan şikayət etməyiblər. Fərdi qəbul edilmiş şəxslərlə yanaşı, müəssisəyə yeni gəlmiş və karantin otağında saxlanılan məhkumlara ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb, onlara müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.