Azərbaycan ordusunun nüfuzu gənclər üçün fəxarət göstəricisidir

Azərbaycan ordusunun nüfuzu günü-gündən artmaqda davam edir. Məhz silahlı qüvvələrimizin inkişaf tendensiyasını müşahidə edən beynəlxalq qurumlar dəfələrlə ordumuz barədə müsbət fikirlərini ortaya qoyublar. Məhz bu səbədən artıq dünyanın aparıcı ölkələri Azərbaycan ordusu ilə hesablaşaraq məcburiyyətində qalıblar. Elə bu səbədən də ölkəmiz dünyada hərbi sahə üzrə keçirilən istənilən beynəlxalq tədbirə dəvət almış olur ki, bu da istənilən Azərbaycan gənci üçün bir fəxarət göstəricisidir. Bu günlərdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin İspaniya Krallığına rəsmi səfəri də dediklərimizin sübutu kimi dəyərləndirilə bilər. Belə ki, İspaniya Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ispaniyalı həmkarı Pedro Morenes Alvaro de Eulate ilə görüşüb. İspaniyanın Müdafiə Nazirliyində Azərbaycanın müdafiə nazirinin rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda general-polkovnik Z. Həsənovun şərəfinə fəxri qarovul dəstəsi düzülüb, Azərbaycanın və İspaniyanın dövlət himnləri səsləndirilib. Sonra nazirlərin təkbətək görüşü keçirilib. Daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Görüşdə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin vacibliyini qeyd edən İspaniyanın müdafiə naziri vurğulayıb ki, bu cür səfərlər intensiv şəkildə həyata keçirilməlidir. İspaniyalı nazir bildirib ki, Azərbaycanın müdafiə nazirinin də İspaniyaya səfəri ölkələrimiz arasında əlaqələrin, o cümlədən hərbi sahədə əməkdaşlığımızın perspektivlərinin səmərəli müzakirəsi üçün yaxşı imkan yaradır. Bunun ümumi işimizin inkişafına xidmət edəcəyinə ümidvaram. General-polkovnik Z.Həsənov Cənubi Qafqaz regionundakı hərbi-siyasi vəziyyət, cəbhə bölgəsində yaşanan son hadisələr, ölkəmizin Avropa və Avratlantik qurumlarla əlaqələri barədə ətraflı məlumat verib. "Biz Azərbaycan ilə İspaniya arasında əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət veririk. Ümummilli lider Heydər Əliyev tərəfindən daim diqqət mərkəzində olmuş Azərbaycan-İspaniya əlaqələri bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir", - deyə Azərbaycanın müdafiə naziri bildirib. Azərbaycan-İspaniya əməkdaşlığının bütün istiqamətlərdə, o cümlədən hərbi sahə üzrə müqavilə-hüquq bazasının genişləndirilməsinin zəruriliyi qeyd edildiyi görüşdə aparılan danışıqların ölkələrimizin silahlı qüvvələri arasında əlaqələrin inkişafına, dostluq münasibətlərinin möhkəmlənməsinə töhfəsini verəcəyinə əminlik ifadə olunub. İspaniyanın müdafiə naziri Pedro Morenes Eulate bildirib ki, bu görüş çox arzuolunan idi. Azərbaycan ilə İspaniya arasındakı əlaqələrin perspektivləri genişdir. Ölkələrimizin münasibətləri dostluğa və qarşılıqlı anlaşmaya əsaslanır. Ümumi layihələrimiz var. İspaniyalı nazir vurğulayıb ki, sülhə təhlükə yaradan bütün elementlərlə mübarizə diqqət mərkəzindədir. Bu mübarizədə ölkələrimiz eyni mövqedən çıxış edir. Mən görüşümüzdə söylədiyim bir ifadəni xüsusi vurğulamaq istəyirəm: "İspaniyanın və Azərbaycanın dostları da, düşmənləri də eynidir". Mənim cənab nazirlə dostluğum Bakı səfərindən başlayır. Ona görə də bu səfər mənim üçün önəmli idi. Hesab edirəm ki, mənim fikirlərimi azərbaycanlı həmkarım da bölüşür. Biz də müəyyən təhlükəli məqamlardan keçmişik. Belə razılığa gəlindi ki, imkan daxilində bütün mümkün əməkdaşlığı davam etdirək. Azərbaycanın müdafiə naziri Zakir Həsənov səfərin yüksək səviyyədə təşkilinə görə ispaniyalı həmkarına təşəkkür edib. Nazir qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlıq imkanları çox genişdir. Görüşdə bu imkanlar müzakirə olundu. Əməkdaşlıq həm iki ölkə arasında, həm də NATO çərçivəsində inkişaf edir. "İspaniyalı həmkarım yeni maraqlı təkliflərlə çıxış etdi və biz bu təkliflərlə razıyıq", - deyən nazir İspaniya-Azərbaycan dostluğunun əbədi olduğunu qeyd edib. İspaniyalı nazirin görüşdə dediyi "İspaniyanın və Azərbaycanın dostları da, düşmənləri də eynidir" ifadəsini xüsusi vurğulayan Z.Həsənov bu mövqeyinə görə həmkarına minnətdarlığını bildirib. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İspaniya Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Silahlı Qüvvələri tərkibində fəaliyyət göstərən UME birləşməsini və "İndra sistemləri" şirkətini ziyarət edib. Müdafiə naziri UME-nın fəaliyyətini əks etdirən təqdimatı izləyib və Məlumat Mərkəzi ilə tanış olub. Bildirilib ki, bu mərkəzə İspaniya və dünyada baş verən böhran hadisələri haqqında məlumat daxil olur və fəaliyyətlər barədə məlumatlar buradan izlənilir. Azərbaycan nümayəndə heyəti Madriddə fəaliyyət göstərən "İndra sistemləri" şirkətində də olub. Məlumat verilib ki, "İndra sistemləri" müxtəlif sahələr üzrə texnoloji həllər təklif edən şirkət olaraq nəqliyyat, daşımalar, energetika, istehsal, dövlət qurumları, maliyyə, təhlükəsizlik və müdafiə, kütləvi informasiya vasitələri istiqamətində fəaliyyət göstərir. İspaniya Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkənin xarici işlər üzrə dövlət katibi İqnasio İbanez Rubio ilə görüşü olub. Azərbaycan-İspaniya əməkdaşlığının hazırkı vəziyyətindən, xüsusən də siyasi müstəvidə əlaqələrin səviyyəsindən məmnunluğun ifadə edildiyi görüşdə general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranan son gərginlik və Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar, onların nəticələri, eləcə də münaqişənin həlli istiqamətində aparılan son danışıqlar barədə qarşı tərəfə məlumat verib. Nazir bildirib ki, münaqişənin həllinə nail olmaq məqsədilə Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı, hərbi işğal faktına son qoyulmalıdır. Dövlət katibi isə öz növbəsində ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəklədiyini diqqətə çatdırıb. Görüşdə hər iki ölkənin BMT, ATƏT, NATO, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduqları bildirilib. Bundan əlavə, beynəlxalq terrorizmə və separatizmə qarşı mübarizə sahəsində Azərbaycan ilə İspaniya arasında əməkdaşlığın inkişaf etdirilməsinin və bu məsələlərdə qarşılıqlı dəstəyin vacibliyi qeyd edilib. Bütün bunlara baxmayaraq, Azərbaycan heç də real imkanları və üstünlükləri ilə kifayətlənib arxayınlaşmamalıdır. Heç kimə sirr deyil ki, Rusiyanın yardımı ilə Ermənistanın aldığı, hətta qadağan olunan silahların, ağır texnikanın, raket sistemlərinin böyük bir hissəsi işğal altındakı ərazilərimizdə gizlədilib. Ermənistan bu yolla həm də kvotadan artıq silah-sursata malik olduğunu ört-basdır etmək istəyir. Odur ki, Azərbaycan işğal altındakı ərazilərdə beynəlxalq müşahidəçilərin araşdırma aparmasına nail olmalıdır. Hərbi ekspert Azad İsazadə hesab edir ki, texniki, insan resursu, iqtisadi göstəricilər və sairə görə üstünlüyün Azərbaycan tərəfində olduğuna heç bir şübhə yoxdur: "Amma yaddan çıxartmayaq ki, söhbət işğal olunmuş ərazilərin azad olunmasında gedir. Bu əraziləri azad etmək üçün biz hücuma keçməliyik. Sadə hərbi hesablamalara görə, hücuma keçən tərəf müdafiə olunan tərəfdən 5 qat güclü olmalıdır. Yəni qarşıdakı bir əsgərin üstünə 5 əsgər hücuma keçərsə, onda nəsə əldə etmək olar. Bu fərq kiçik olarsa, hücum nəticəsiz alına bilər. Dağlıq zonada isə bu fərq bəzən 7-nin 1-ə və bəzən 10-un 1-ə nisbətində olur. Yadda saxlayaq ki, Qarabağda hərbi əməliyyatlar başlasa, bütün Azərbaycan və bütün Ermənistan ordusu eyni vaxtda cəbhə bölgəsində olmayacaq. Üstünlük bizdədir, ancaq bu gün hələlik onqat üstünlükdən danışmaq tezdir". Hərbi ekspert hərbi-siyasi məsələləri də unutmamağı vacib sayır: "Rusiya hərbi bazası yalnız texniki baxımdan deyil, həm də siyasi cəhətdən Ermənistan üçün yardımdır. Bu mənada, sözsüz ki, Azərbaycan silahı çoxaltmaqla bərabər, hərbi-siyasi hazırlıqları da aparmalıdır. Hərbi əməkdaşlıq sazişlərindən də istifadə etmək, hərbi təlimlərdə iştirak etmək olar. Həmçinin ikitərəfli görüşlərlə bölgədəki proseslərdə iştirak edən dövlətləri öz tərəfinə çəkə bilər ki, heç olmasa neytral mövqedə dayansınlar. İndiki potensial bizə imkan verir ki, Ermənistan hücuma keçərsə, ona lazımlı cavab verək". A.İsazadə Qarabağda gizlədilən silah-sursatın da düşmənə kömək etməyəcəyi qənaətindədir: "Müharibə başlasa, ordakı silah-sursat və insan resursu maksimum 10 gün düşmənin dayanmasına bəs edər. Ermənistandakı rus bazasından silah-sursat, qüvvə gələnədək beynəlxalq təşkilatlar, o cümlədən Türkiyə də proseslərə müdaxilə edəcək. Əməliyyatlar başlasa, Ermənistan məcbur olacaq ki, Ermənistan-Türkiyə sərhədini gücləndirsin. Bu baxımdan biz müdafiəyə tam hazırıq".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00