Liviyada həbs olunan azərbaycanlı dənizçilərdən xəbər var

Liviyada həbs olunan "Kapitan Xəyyam" gəmisinin azərbaycanlı həyət üzvlərinin ilk məhkəməsi olub. Bu barədə anspress-ə açıqlamasında həbs olunan gəminin məxsus olduğu  "Saygi Denizcilik ve Elektrik" şirkətinin nümayəndəsi Murad Karaər deyib. O, bildirib ki, ilk məhkəmə mayın 25-də baş tutub.

"Məhkəmə prosesi başa çatdıqdan sonra onlar azad olunacaqlar"

"Məhkəmə zamanı hakim onlara qeyri-qanuni yüklərlə bağlı ittihamları oxuyub. Müttəhimlər isə heç bir günahlarının olmadığını deyiblər. Ona görə də daha bir məhkəmə olacaq. Amma növbəti məhkəmə prosesinin vaxtı hələ dəqiqləşdirilməyib. Vəkilimiz müvafiq orqanlarla danışıqlar aparır".

Karaər deyib ki, saxlanılanların hər biri öz ailəsi ilə danışır, xəbər verir. Bununla bağlı onların problemi yoxdur. 

"Gəminin heyət üzvləri həbsxana şəraitində saxlanmırlar. Mən Elinxan Bağırov, Əliağa Babayev və Elşad Hüseynovla danışıram. Saxlanılan şəxslərin heç bir problemi yoxdur, qaldıqları şəraitdən narazı deyillər. Sadəcə olaraq  məhkəmə prosesi davam etdiyi üçün nəzarət altındadırlar". 

Yüksək qazanc üçün Türkiyəyə gedənlər hansı təhlükə ilə qarşılaşırlar?
Saxlanılan matros Əliağa Babayevin qohumu Qəhrəman Babayev də açıqlamasında onların səhhətinin yaxşı olduğunu deyib. O bildirib ki, məhkəmə prosesi başa çatdıqdan sonra dənizçilərin azad ediləcəyini gözləyirlər. 

Azərbaycanlıların da olduğu "Kapitan Xəyyam" tankeri martın 5-də həbs edilib. Türkiyənin "Saygi Denizcilik ve Elektrik" şirkətinə məxsus tanker Sierra-Leone bayrağı altında üzüb. Həmin vaxt gəmində 1.7 ton qaçaq yanacaq olduğu iddia edilirdi.

Gəmi Liviya - Malta - Türkiyə istiqamətində hərəkət edib.  Yük gəmisi həbs olunan zaman  Türkiyə, Azərbaycan və Ukrayna vətəndaşlarından ibarət 12 heyət üzvünün olduğu barədə məlumat yayılmışdı.

Liviya hakimiyyəti tankerdə olan yeganə qadın işçini azad edib. Ukrayna Xarici İşlər Nazirliyinin səyi ilə qadın vətəninə qayıdıb. 

Azərbaycan vətəndaşları  "Kapitan Xəyyam" gəmisinin  kapitanı Elinxan Bağırov, matroslar Əliağa Babayev və Elşad Hüseynov da hazırda Tripoli şəhərində saxlanılırlar.

Bundan başqa,   Liviyada fevralın 21-də "Kalkanlar 1" gəmisinin azərbaycanlı heyət üzvlərinin itkin düşdüyü barədə məlumatlar yayılmışdı. ANS PRESS məsələni işıqlandırdıqdan sonra aparılan araşdırmalar nəticəsində onları tapmaq mümkün olub. Dənizçilərin hər üçü hazırda Liviyanın paytaxtı Tripolidə Tacura prokurorluğunda dindirilir.

Onlar Liviya sularına icazəsiz daxil olmaqda günahlandırılırlar. Onlar Bakı şəhər sakinləri Salamov Namik (kapitan), Əliyev Fərid (matros) və motorçu olan, adı məlum olmayan digər həmyerlimiz "Gebze Denizçilik" adlı şirkətlə əməkdaşlıq ediblər.  

Dənizçilər tapılsalar da, onların Azərbaycana gətiliməsi isə hələ ki, mümkün olmayıb. Buna səbəb kimi Liviyadakı qeyri-sabit siyasi vəziyyət göstərilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00