Xaricdə yaşayan soydaşlarımızın Azərbaycanda keçrilən iqtisadi islahatlar prosesinə cəlb edilməsi də arzu olunandır
23 May 2016 16:36 Sosial"Diasporun, xaricdə yaşayan insanların problemləri həm də Azərbaycan Respublikasının problemi kimi qəbul olunmalıdır. Ona görə ki, bizim də məqsədimiz dövlətimizə bacardığımız qədər dəstək olmaqdır". Bu fikirləri "OLAYLAR"-a Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi səsləndirib. O, bildirib ki, dünya azərbaycanlılarının birliyinə, mənəvi birliyinə nail olmaq üçün qurultayda müzakirələr aparılmasını və qərarlar qəbul olunmasını da arzu edərdim: "Düşünürəm ki, bu qurultay bizə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən təşkilat nümayəndələri ilə tanış olmaq, fikir mübadiləsi aparmaq imkanı verəcək. İstərdim ki, qrultayda diasporumuzun dünəninə, bu gününə obyektiv baxa və bunu müzakirə edə bilək. Keçmişdə buraxdığımız səhvləri də bilməliyik ki, gələcəkdə onları bir daha təkrar etməyək. Gələcək fəaliyyətlə bağlı da planların olması arzu olunandır. Bizlər üçün hədəflər bu hədəflərə gedən yollar aydın olmaldır. Arzu olunandır ki, təşkilatlarımız, ayrı-ayrı diaspor fəallarımız bildikləri, daha yaxşı edə biləcəkləri işlərlə məşğul olsunlar". Ayhan Dəmirçi deyib ki, xaricdə yaşayan soydaşlarımızın Azərbaycanda keçrilən iqtisadi islahatlar prosesinə cəlb edilməsi də arzu olunandır: "Hesab edirəm ki, xaricdə yaşayan soydaşlarımız üçün Azərbaycana investisiya qoyması üçün şərait yaradılsa yaxşı olar. Xaricdə keçirdiyimiz tədbirlərə Azərbaycandan müvafiq dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələrinin qatılmasını təmin etmək də arzu olunanlar sırasındadır".