Azadlıq pospekti açıldı
23 May 2016 16:35 Sosial"Azəravtoyol" ASC tərəfindən Azadlıq prospektinin bir hissəsi təmir olunaraq sürücülərin ixtiyarına verilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, təmir olunmuş hissənin uzunluğu təqribən 500 metrdir və Ziya Bünyadov prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişmələri arasında yerləşir. Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Bunun əvəzinə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə 11 min m2 ərazi asfaltlanıb. Bundan başqa təmir işləri zamanı səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi və yağış barmaqlıqları yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları və 1 min p/m köhnə səki daşları yeniləri ilə əvəzlənib. Prospektin təmir işləri aparılan hissəsində yerləşən köhnə avtobus dayanacaqlarının ərazisi genişləndirilərək xüsusi "cib"li dayanacaqlar yaradılıb. "Cib"li dayanacaqların uzunluğu 20 metr, eni isə 3,5 metrdir. Hazırda prospektin digər hissələrində təmir-tikinti işləri davam etdirilir. İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.