“Qalaalatı” sağlamlıq və istirahət mərkəzinə infotur təşkil olunub
23 May 2016 15:54 SosialMayın 22-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası, "Synergy Hospitality" və "AtaTravel"-in birgə təşkilatçılığı ilə "Qalaaltı Hotel & SPA" müasir müalicə-istirahət kompleksinə infotur təşkil olunub. "OLAYLAR"-ın xəbərinə görə, infoturda ölkəmizdə fəaliyyət göstərən 100-ə yaxın yerli turizm şirkəti və media nümayəndələri iştirak edib. İnfoturun keçirilməsində əsas məqsəd "Qalalatı" sağlamlıq və istirahət mərkəzinin turizm potensialının tanıdılması və eyni zamanda ölkəmizin sağlamlıq turizminin daha geniş təbliğ olunmasıdır. Öncə tədbir iştirakçıları "Qalaaltı Hotel & SPA" müasir müalicə-istirahət kompleksi ilə tanış olublar. Məlumat verilib ki, kompleks Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yaxınlığında, sıldırım qayanın altında yerləşir. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur "Qalaaltı" kurortunun bazasında inşa edilib. Təxminən 7,1 hektar sahəsi olan kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər var. Daha sonra "Qalalatı" sağlamlıq və istirahət mərkəzinin turizm imkanları və ölkəmizin sağlamlıq turizminə həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada çıxış edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev ölkəmizdə turizmin inkişafı üçün görülən işlərdən danışıb. Bildirib ki, son illər ərzində turizm təşkilatları və media qurumları arasında yaranan peşəkar əlaqələr Azərbaycan turizminin təbliğ olunması və ölkəmizdə turizmin inkişafına öz töhvəsini verir. Ruslan Quliyev ölkəmizdə turizm sənayesinin daha da inkişaf etdirilməsi, rəqabətədavamlı turizm sisteminin qurulması məqsədi ilə turizm haqqında yeni qanunun qəbul olunacağını qeyd edib.