Elçin Hüseynbəyli yazır... Tamadanın evi toyxanayla dəyişik salması

Elçin Hüseynbəyli

Tamadanın evi toyxanayla dəyişik salması

...Məzəniz olsun, dostlar, bəzən adamın başına elə hadisələr gəlir ki, onları bölüşməyə bilmirsən. Yalnız paxıllar onu sirr kimi saxlaya bilər... Məni də tanıyırsız da....

...Adi günlərin birində (Soruşa bilərsiniz: qeyri-adi günlər də var? Cavab verirəm. Bəli, var.) Deməli, adi günlərin birində dostum zəng elədi:

-Nə iş görürsən?- deyə xəbər aldı.

-Yazıram, -deyə cavab verdim.

O da ərklə:

-Nə qədər yazmaq olar? -dedi.

Doğru sözə nə deyəsən. Ona görə də qələmi (kompüterin klaviaturasını) saxlayıb soruşdum:

-Təklifin?

-Saat dörddə bir dostumuz bizi qonaq çağırır. Hazır ol, gəlim səni götürüm, gedək.

-Gedək, -dedim və harasını soruşmadım. Dost səni pis yerə aparmaz ki...

Və getdik. Yolda başqa bir dostumuzu da "tərkimizə" aldıq.

Dostumun "dost" dediyi adam Bakı kəndlərinə yaxın bir yerdə bizi gözləyirdi.

-Arxamızca gəlin, -dostumun dostu bizimlə görüşüb- öpüşəndən sonra belə dedi və oğlunun maşınına mindi.

Mən elə zənn edirdim ki, yəqin bizi hansısa tanımadığımız restorana aparır. Maşın bir evin qabağında dayananda narahat oldum. Sən demə,

dostumun dostu bizi öz evinə aparırmış.Tanımadığımız adamın evinə qonaq getmək mənlik deyil. Amma indi mənlik idi. Çünki geri qayıda bilməzdik. Bu, mənim genişürəkli dostumun səxavətli dostunun xətrinə dəyə bilərdi.

Evə dəvət elədi. İçəri keçdik. Qonaq otağı darısqal idi, amma bu darısqallıqda dəm-dəstgah açmışdı: divarın dibindən stol qoyulmuşdu, üzbəüz divarın dibində isə sintezator və mikrafon. Stullara birtəhər yerləşdikdən sonra dostumun dostu mikrafonu əlinə aldı. Sintezatorçu "aparatının" dillərni dınqıldatdı və dostumun dostunun səsi eşidildi: Bir... bir...bir... Qədəmləriniz mübarək, əziz dostlar, xanımlar, bəylər... Xoş gəlib, səfa gətirmisiniz....

Burda barmağımı dişlədim. Çünki otaqda xanım yox idi. Hamısı şovinist və özündən deyən kişilərdi (içi mən qarışıq). Belə qandım ki, dostumun dostu tamadadır və hallı olduğundan evlə şadlıq sarayını səhv salıb... Bayaq bizimlə qucaqlaşıb-öpüşəndə də (ayıb olmasın) hiss eləmişdim ki, dostumun dostu hallıdır. Ağzından araq iyi gəlməsə də, gözləri süzülür.

Mikrafon məsələsi ortaya çıxanda mən dostuma baxdım. O da pərt oldu və nə desə yaxşıdır: "Əslində mən onu tanımıram. Onu bu tanıyır." - deyə yolda götürdüyümüz dostumuza işarə elədi, özü də feysbukda tanış olublar."

Pis vəziyyət yaranmışdı. Tamada hesab elədiyim ev sahibi tərs kimi selfilər də çəkib dərhal feysbuka qoyurdu. Elə bil təndir çörəyiydi, indicə soyuyacaqdı.

Təxminən bir saat davam edən cansıxcı məqamlardan sonra bir bəhanəylə aradan çıxa bildim. Amma qulağıma yenə də dostumun dostunun səsi gəlirdi: "Bəylə gəlinimizin də qədəmləri mübarək olsun!"

Və mən dostumun dostunun arvadının təəccüb və xəcalətdən qızaran üzünü, dostumun isə pərt simasını aydınca təsəvvür edirdim...

May 2016

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00