Əxlaqsızlığa yol açan otel rəhbərləri

Yazıya başlamamışdan əvvəl kiçik bir sorğu apardım: Azərbaycanda fəaliyyət göstərən otellərdən razısınızmı? Müxtəlif cavablar aldım. Beş ulduzlu və üç ulduzlu otellərdəki yüksək səviyyəli xidmətdən, yaradılan şəraitdən razılıq edənlərlərlə yanaşı, bəzi otel və mehmanxanaların günün tələblərinə cavab vermədiyindən, xidmət səviyyəsinin aşağı olduğundan, otel işçilərinin müştəriyə qarşı laqeyd və kobud münasibətindən, xarici ölkələrdəki otellərlə müqayisədə bizdə hələ də otel mədəniyyətinin, otel biznesinin ləng inkişafından narazılıq edənlər də oldu. Xüsusilə oteldə qalan adamların əxlaqa sığmayan hərəkətlərinə göz yuman əməkdaşlardan, otel rəhbərliyindən narazılıq edən cavablar diqqətimi daha çox çəkdi. Sonuncu ilə bağlı cavabları ümumiləşdirsəm belə nəticəyə gəlmək olur: otellərin bəziləri əxlaqsızlığa yol açır. Doğrusu, bu halı iki kəlməlik "çox pisdi" söz birləşməsi ilə ifadə etmək azdı, bu, ölkəmiz üçün, ən azı, üz qarasıdı.

Deyilən xoş sözləri təsdiq edirəm. Oğlum Universitetdə oxuyanda otellərin birində gecə növbəsində çalışırdı. Orda işlədiyi iki il müddətində bəzi xırda-para çatışmazlıqları nəzərə almasam, ümumilikdə işindən razı idi. Müdiriyyətin ona münasibətində, oteldə gecələyən müştərilərin əxlaqi davranışında bir nöqsan görmədiyini deyirdi. İşindən dolayı söhbətlərimiz vaxtı başqa otellərdə baş vermiş xoşagəlməz halların onların otelinə aid olmadığını, hətta xarici qonaqların məmnun olduqlarını bildirirdi. Amma bu fakt ümumilikdə otel biznesində faiz göstəricisi ilə hesablanan böyük bir rəqəmi özündə ehtiva edən naqislikləri ört-basdır edə bilmir.

Azərbaycan son 6-7 ildə ildə otelçilik sahəsində böyük irəliləyiş əldə edib. Xüsusilə də 2011-ci il Avrovizion Mahnı Müsabiqəsində birinçilik əldə ediləndən sonra, eləcə də I Avropa Oyunlarına hazırlıq ərəfəsində tikilən otellərdə lüks və VİP otaqlar dünyanın zəngin otelləri ilə müqayisədə heç də geri qalmır, əksinə çoxlarından üstündür. Bu, əlbəttə, otelə üz tutanların rahatlığı üçündü, üstəlik də xarici turistlərdə ölkəmiz haqqında xoş təəssürat yaradır, onların təkrar gəlmələrinə stimul verir. Amma nə yazıq ki, xarici vətəndaşlar bəzən bu gözəl binalardakı açıq-gizli çirkin işlərə də şahidlik etməli olurlar.

Zaman-zaman əxlaqsızlıq yuvalarının mövcudluğu barədə deyilənlər hamının ikrahla qarşıladığı bir mənzərədi. Heç kimə sirr deyil ki, Bakıdan bir az aralıda, lap elə şəhərin mərkəzində tikilən bəzi istirahət mərkəzlərinin məqsədi məhz əxlaqa zidd hərəkətlər üçün nəzərdə tutulub. Nə yaxşı ki, hüquq-mühafizə orqanlarının yoxlaması nəticəsində ara-sıra da olsa onlar ifşa olunurlar. Turistlərin daha çox getdiyi bəzi rayonlardakı kotteclərdə də belə halların baş verdiyi aşkar olunub. Əslində bu cür halların ən mühüm səbəbi həmin obyektlərin müvafiq icazə və lisenziyalarının olmamasıdı.

Azərbaycan xalqı tarixən qonaqpərvər olub. Evinə gələn qonağı yuxarı başda oturdub, yeməklərin ən şahanəsini bişirərək qonağa təklif edib. Evində gecələyən qonağın rahatlığı üçün hər cür şəraiti təmin edib. Çalışıb ki, evdə xoşagəlməz, yaramaz bir hərəkətə yol verməsin, əks halda ayıb olar, qonaq onun evindən narazı gedə bilər. Eləcə də ötən əsrin əvvəllərində fəaliyyət göstərən karvansaraları misal çəkə bilərəm. Uzaq səfərlərədən gələn yolçular, yaxud da ticarət karvanları karvansarada gecələyərdilər. Onlara ən yüksək səviyyədə xidmət göstərilirdi. Kimin nə həddinə idi ki, karvansarada əxlaqa zidd bir hərəkətə yol verəydi. Karvansara sahibi belə bir şeyə əsla yol verməzdi və hər bir qonağa da başı ilə cavabdeh idi. Niyə? Çünki dediyim kimi xalqın qanından, genindən gələn qonaqpərvərlik, qonağı evin şahı hesab etməsi karvansara sahibinin işində də özünü göstəriridi. Bunun başqa izahı yoxdu. Amma indi zaman və şəraitin dəyişməsinə uyğun qonaqpərvərliyin mexanizmi də dəyişib, daha yüksək səviyyəli olub. Karvansaranı mehmanxana və otel əvəz edib.

Otel orda qalan adamın pul verib kirayə etdiyi müvəqqəti mənzili sayılır. Qısa müddətə məskən seçdiyi bu mənzilin cəmi bir otağı ona məxsusdu. Mənzil sahibindən tələb etdiyi isə özünə qarşı diqqət və rahatlıqdı. Turist kimi gəzməyə gələn, yaxud da iş üçün məzuniyyətdə olan adam dincəlmək, gecəni rahat yatmaq istəyir. Bu, onun tam haqqıdır. Amma bəzi hallarda bu haqqı onun əlindən alırlar. Məsələn, gəldiyi günün axşamı otağında dincələn xarici turist, yaxud da Azərbaycan vətəndaşı qonşu otaqdakı səs-küydən, söyüşdən, əxlaqsız davranışdan, yaxud polislərin otaqları gəzib yoxlama aparmasından sonra rahatlığı pozulur. Məlum olur ki, qonşu otaqdakı cütlük heç də ər-arvad deyilmiş, onlar buraya eyş-işrət üçün gəliblər. Belə olan halda adam bir daha ora gələrmi? Gəlməz. Biləndə ki, oteldə əxlaqsızlıq baş verib təbii ki, onun ilk reaksiyası təəccüblənməkdən çox, heyrətlənmək olacaq. Ki... mədəni adlanan bir yerdə əxlaq çərşivəsini aşan mədəniyyətsizliklə qarşılaşıb. Bu, faktdır. Zaman-zaman belə hallar mətbuatda da yazılıb, efirlərdən də səslənib. Niyə otelə gələn cütlüklərdən nikah haqqında şəhadətnamə tələb olunmur? Yox, əgər nikah şəhadətnaməsi lazım deyilsə, bəs niyə hüquq-mühafizə orqanları otellərdə yoxlama aparır? Otelllərdə baş verən əxlaqsızlıq hallarının qarşısı niyə alınmır? Niyə qanun çərçivəsində buna bir əncam çəkilmir?

Bu cür halların qarşısının alınması üçün nikah şəhadətnaməsi tələb olunmalıdır. Amma otel səlahiyyətliləri bunu etmirlər. Fərqinə varmadan, kimliyini soruşmadan iki əks cinsin nümayəndəsinə bir otaq verib qeydiyyatdan keçirirlər. Düzdü sovetlər dönəmində də nikah şəhadətnaməsi tələb olunmurdu. Çünki o zamanlar vətəndaşın kiminlə ailəli olduğu pasporta yazılırdı. Həm də o vaxtlar ər-arvadın mehmanxanalarda gecələməsi çox az hallarda olurdu.

Suallara cavab tapmaq üçün balaca bir araşdırma apararkən məlum oldu ki, otelçilik haqqında qanun, həmçinin də nikah haqqında şəhadətnamə tələbi ilə bağlı xüsusi normativ hüquqi akt yoxdur. Doğrudur dünyanın başqa ölkələrində də oteldə qalmaq üçün nikah şəhadətnaməsi tələb olunmur. Amma bura Azərbaycandı və Azərbaycanın özünəməxsus milli dəyərləri, əxlaqı, mənəviyyatı var. Onun dəyərlərini Avropanın mentaliteti ilə eyni tərəziyə qoymaq olmaz. Oralarda vətəndaş nikahı deyilən bir yaşam tərzi var ki, bu da onlar üçün normaldı. Amma Azərbaycan xalqında ailələr təkcə əxlaq və mədəniyyətlə deyil, həm də rəsmi bağla möhkəmləndirilir. Ona görə də bir qadının ərinin o biri kişinin arvadı ilə oteldə gecələməsi, üstəlik də də eyni otağı paylaşması əxlaqsızlıqdı. Bu, həm də o deməkdir ki, otellər öz funksiya həddini aşaraq əxlaqsızlıq yuvasına çevrilirlər ki, bunu da hüququ-mühafizə orqanları aşkara çıxarır. Bir anlıq təsəvvür edək ki, polis də bu yoxlamalardan kənarlaşdırılır.

Otelin daxili işidir, qonaqların istirahət hüququ pozulur deyə ona rəsmi surətdə qadağa qoyulur. O halda nə baş verəcəyini anlamaq heç də çətin deyil.

Əslində bütün bu məsələlərdə otel rəhbərliyi məsuliyyət daşıyır. Onların pul hərisliyi, çoxlu qazanc istəyi hər bir əxlaqı, namusu tapdalayır. Bu əxlaqsızlağa meydan verən, vicdanının səsini batıran otel səlahiyyətlisi unudur ki, indi texnika əsridi. İnternet, kompüter texnologiyaları hüquq-mühafizə orqanlarının "oblavası" haqqında informasiyanı anındaca dünyaya ötürür. Bir nəfərin iki əxlaqsıza görə vəzifəsindən sui-istaifadə etməsi bəlkə də onun şəxsiyyətinə, şərəfinə zərrə qədər də təsir etmir, amma Azərbaycan xalqının mənəviyyatını ləkələyir, Azərbaycan Respublikasının adına xələl gətirir. Xarici mətbuatda Azərbaycan haqqında yazılan belə xəbərlər, həm də onun oğlunu, qızını, digər doğmalarını və əzizlərin ləkələyir. Düşünmürlər ki, ölkəmizdə tez-tez keçirilən müxtəlif səviyyəli beynəlxalq tədbirlərin iştirakçıları Azərbaycan haqqında xoş olmayan təəssüratla ölkələrinə dönə bilərlər. Yəni adi düşüncədən bu qədər kasaddırlar? Onların bu kasad düşüncəsi əxlaqlı, sağlam fikirli normal insanlarda otelə qarşı ikrah hissi yaradır. Ona görə də gündən-günə artan "əxlaqsızlıq" düyününün açılmasını otel müdirlərinin, yaxud otel əməkdaşlarının ixtiyarına buraxmaq olmaz.

Bu, təhlükəlidir. Təhlükəni aradan qaldırmağın yeganə yolu isə otel haqqında qanunun qəbul olunmasıdı.

Züleyxa Nadir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00