Obyektlər hansı qaydada istismara veriləcək?
İcazəsiz tikilmiş obyektlər 25 gün ərzində sənədlə təmin olunacaq
23 May 2016 12:43 SosialPrezident İlham Əliyev bir neçə gün öncə bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb. Sənəddə müəyyən edilib ki, Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, istismar təyinatı Nazirlər Kabineti tərəfindən müəyyən edilən qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 2018-ci il yanvarın 1-dək tikinti obyektinin sahibinin (sifarişçisinin) müraciəti əsasında (müraciətə layihəçi tərəfindən tikinti obyekti barəsində tərtib edilmiş memarlıq-planlaşdırma bölməsi əlavə edilir) Fövqəladə Hallar Nazirliyi tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlığı, möhkəmliyi və istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından 20 gün müddətində müayinə aparır və müayinənin nəticələri müsbət olduğu halda tikinti obyektinin sahibinə (sifarişçisinə) obyektin istismara hazırlığı barədə rəy verir; Yerli icra hakimiyyəti orqanı bu fərmanda nəzərdə tutulmuş və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin sahibinin (sifarişçisinin) müraciəti əsasında ona 5 gün müddətində həmin obyektin istismarına icazə verir və bu barədə Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Nazirlər Kabinetinə bu fərmanda nəzərdə tutulmuş tikinti obyektlərinin istismar təyinatının siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etmək, bu fərmanda nəzərdə tutulmuş və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin istismarına icazənin formasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etmək və bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Fövqəladə Hallar Nazirliyi isə bu fərmanda nəzərdə tutulmuş tikinti obyektləri ilə bağlı görülmüş tədbirlər barədə hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Hüquqşünas Pərviz Məmmədov Azərbaycan prezidentinin bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərmanının detallarını izah edərkən deyib ki, bununla da 2012-ci ilin iyun ayının 29-na kimi icazəsiz tikilmiş obyektlərə 25 gün ərzində sənəd veriləcək. Onun sözlərinə görə, qeyri-yaşayış sahələrinin, məsələn mağaza, kiçik müəssisə və digər obyektlərin (bura yaşayış sahələri, mənzillər aid deyil) sənədləşdirilməsində sadə qayda tətbiq ediləcək: "Yəni, 25 gün ərzində bunların istismara qəbul prosesi yekunlaşacaq. Bundan sonra, həmin obyetlərin kupça alması mümkün olacaq". P. Məmmədov qeyd edib ki, sözügedən fərman bütün qeyri-yaşayış sahələrinə şamil olunmayacaq: "Belə ki, bu Fərman Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan qeyri-yaşayış obyektlərinə şamil olunur. Həmin obyektlərə dövlət tərəfindən istismara qəbul aktının qəbul edilməsi rejimi tətbiq ediləcək. 20 gün ərzində FHN istismara hazırlıq barədə rəyi yekunlaşdıracaq. Digər 5 gün ərzində də yerli icra hakimiyyəti orqanı rəyi alınacaq. Bütün bu proses isə cəmi 25 gün çəkəcək və bu müddət ərzində onlar istismara qəbul ediləcək. Yəni bu Fərmanla bir növ uzunmüddətli rejimdən qısamüddətli rejimə keçilib". P. Məmmədov onu da əlavə edib ki, əvvəllər bu proses aylar, hətta illər ilə çəkirdi: "Bu Fərman yalnız qeyd etdiyim kimi kiçik obyektlərə şamil olunur, böyük obyektlərin kupçalaşdırılması isə əvvəlki qaydada qalır. Belə ki, FHN qeyri-yaşayış obyektinin hər mərtəbəsini ayrıca yoxlayır, bundan sonra isə rayon İcra Hakimiyyəti onların istismara qəbulu haqqında rəy yazır".
Nurlan