AAK Azərbaycanın mədəniyyətlərarası dialoqda rolu haqqında siyasi dairələrə məlumat verir
23 May 2016 12:39 SosialAvropa Azərbaycanlıları Konqresinin sədri Samira Patzer-İsmailova Almaniyanın NRW - Şimali Reyn Vestfalen əyalətinin parlamentində Almaniyanın aparıcı partiyası olan CDU -Xristian Demokratik Partiyası fraksiyasının üzvü, xanım Serap Güler və cənab Robert Esler ilə görüşə dəvət edilib. AAK-dan "OLAYLAR"-a bildirilib ki, NRW - Şimali Reyn Vestfalen əyalətinin paytaxtı Düsseldorf şəhərində keçirilən bu görüşdə Azərbaycanın zəngin mədəni irsə və müasir incəsənətə malik olması ilə yanaşı, çağdaş dövr üçün mühüm olan multikulturalizm, tolerantlıq, mədəniyyətlərarası dialoq mövzularında aparıçı rol oynayan ölkələrdən biri olması AAK-nın sədri tərəfindən ətraflı təqdim edilib. Görüşün iştirakçıları Avropa məkanında miqrasiya və qaçqınlar axını, terror və milliyyətçi qüvvələrin fəallığı nəticəsində yaranan bir sıra siyasi-sosial problemlərin aktuallaşdırmış və bu gün ölkədə yeni inteqrasiya siyasətinə ehtiyac olduğunu geyd etmişlər. Samira Patzer-İsmailova parlament üzvlərinə Azərbaycanın bir çox məsələlərdə nümunə ola biləcəyindən danışıb. Görüşdə yaxın gələcəkdə NRW - Şimali Reyn Vestfalen əyalətində keçirilən mədəniyyətlərarası dialoq layihələrində AAK-nın da iştirak etmək imkanlarından danışılıb və eyni zamanda AAK tərəfindən edilən bir neçə konkret təklif müzakirə edilib.