Əbülfəs Qarayev Ağstafada vətəndaşlarla görüşüb

Mayın 20-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarından vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, kadr təminatı, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub. Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib. Qəbulda aktual məsələlərə toxunulduğunu vurğulayan nazir mədəniyyət abidələrinin qorunması və bərpası, muzeylərin yeni ekspozisiyalarla, musiqi və incəsənət məktəblərinin dərs vəsaitləri ilə təmin olunması ilə bağlı faydalı təkliflərin olduğunu deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00