İstifadəsiz torpaqlara rüsumun tətbiqi problem yarada bilər
Deputat: “Bu, pay torpağıdır, istəyirəm əkirəm, istəyirəm əkmirəm”
20 May 2016 12:47 SosialKənd Təsərrüfatı Naziri Heydər Əsədov bildirib ki, Azərbaycan əhalisi istifadə edilməyən pay torpaqlarına görə vergi ödəməlidir. Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi ölkə ərazisində istifadəsiz torpaqların aşkar olunması üzrə monitorinqi davam etdirir: "Bu proses hələ başa çatmayıb, çünki bura bir neçə dövlət strukturı cəlb edilib. Kənd Təsərrüfatı Nazirliyindən başqa, burada İqtisadiyyat Nazirliyi və Əmlak Məsələləri Dövlət komitəsi də iştirak edir". H.Əsədov qeyd edib ki, nazirlik sözügedən məsələ ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlayıb: "Biz qanuna dəyişikliklər hazırlamışıq, dəyişikliklər parlament tərəfindən qəbul olunub və ümid edirəm ki, tezliklə dövlət başçısı tərəfindən təsdiq olunacaq". Xatırladaq ki, bir müddət öncə Milli Məclis Vergilər Məcəlləsinə dəyişiklik edib. Dəyişiklk görə, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 10 manat müəyyən edilməsini və dövlət büdcəsinə ödənilməsini, eyni zamanda, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilməsini və yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilməsini nəzərdə tutur. Lakin sözügedən qanunun qəbulu cəmiyyətdə narazılıqla qarşılanıb. Deputat İlham Əliyev də pay torpaqlarından istifadə edilməməsinə görə cərimələri məntiqsiz sayıb. Onun sözlərinə görə, prezident bu torpaqları kəndliyə pay torpağı kimi verib: "İcarəyə götürülən torpaqlardan istifadə etmirlərsə, onlara qarşı cərimə etmək olar. Onların müqavilələri pozulub istifadə etməyi bacaran şəxslərə vermək olar. Amma burda bir məqam var. Vaxtilə torpaq islahatı zamanı torpaqlar kəndliyə pay torpağı kimi verilib. Bu, pay torağıdır, istəyirəm əkirəm, istəyirəm əkmirəm. Bu, mənim pay torpağımdır. Bunu dəqiqləşdirmək lazımdır ki, bu kəndli torpağını niyə əkə bilmir. Səbəblər aydınlaşdırlmalıdır. Sabah gəlib o kəndlidən kvadratına 10 manat istəyəndə problemlər olacaq. Özü də böyük problem. Hesab edirəm ki, bu məqamlara baxmaq lazımdır". Millət vəkili Vahid Əhmədov da hesab edir ki, qanunun icrası zaman çox ciddi problemlər yaranacaq: "İnsan var ki, pensiyaçıdır, torpağı var, lakin onu əkməyə imkanı yoxdur. Belə insanlara qarşı yeni qanunu tətbiq etmək mümkün deyil. Əks halda, biabırçı vəziyyət yarana bilər. Hesab edirəm ki, istifadə edilməyən pay torpaqlarından rüsum tutarkən fərq qoyulmalıdır. Məsələn, mümkündür ki, 10 hektardan artıq istifadə olunmayan pay torpağından rüsum tutulsun. Amma 50-70 sot torpağa görə rüsumun tətbiqi düzgün deyil". Deputat Siyavuş Novruzov pay torpaqlarından istifadə etməməyə görə vətəndaşların cərimə edilməsinin düzgün olmadığını deyib. Onun sözlərinə görə, bu məsələ problem yaradacaq: "Torpaq islahatı MDB məkanında ilk dəfə Azərbaycanda həyata keçirilib, torpaqlar insanlar arasında paylanılıb. Ancaq ondan istifadə vətəndaşların özlərinə həvalə olunub. Ancaq bir çox insanlar tənbəllik edib kənd təsərrüfatı ilə məşğul olmaq istəmir. Digər bir qism isə iş görür, ümumi tədarükü bazara çıxarda bilmir. Düzdür, burada müəyyən obyektiv və subyektiv səbəblər var. Elə şəxslər var ki, emal müəssisəsi yaradıb, qapısına açar vurub gözləyir ki, nə vaxt vergi dərəcələri aşağı düşəcək. Ona görə də bu məsələlərə kompleks yanaşmaq lazımdır. Biz bu məsələlərin ya zəlzədən, ya vəlvələdən olmasını araşdırmalıyıq. Ölkə başçısı göstəriş verib ki, istifadə olunmayan torpaqlar istifadə olunmalıdır. İstifadə olunmadığına görə cərimə tətbiq olunmalıdır. Axı məhsul əkib onu istehsal edən əkinci istehsal etdiyi məhsulunu bazara çıxara bilmir. Məsələn, SSRİ dövründə müəyyən emal və tədarük müəssisələri var idi ki, kəndçi məhsulunu ora təqdim edirdi. Bu gün o müəssisələr yoxdur. Gərək bu kəndliyə əkdiyi məhsulu bazara çıxartmaq üçün yol göstərək, sonra ondan nəyisə tələb edək". Deputat Çingiz Qənizadə isə istifadə olunmayan torpaqların hər kvadratmetrinə görə 10 manat miqdarında cərimə tətbiq olunmasını düzgün qərar hesab etməyib. Bildirib ki, əksər rayonlarda torpaqlar suvarılmır və dəmyə torpaqları olduğundan onların məhsuldarlıq dərəcəsini nəzərə almaq lazımdır: "Belə halda bir hektar əkilməmiş torpağa görə kəndli 1000 manat cərimə ödəməlidir. Deyin görək bunu kəndli necə ödəyəcək?" Vergilər Nazirliyində isə hesab edirlər ki, respublika üzrə pay torpaqlarının həcmi o qədər də çox deyil. Heç kimə 10-30 hektar pay torpağı verilməyib, onların həddi minimumdur. Ona görə istifadə olunmayan pay torpaqlarına görə rüsumun tətbiqi problem yarada bilməz.
Alim