Nazirlikdə "Məlumat mübadiləsi saatı" keçirilib
20 May 2016 11:50 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində beynəlxalq ekspertlərin iştirakı ilə demoqrafik proqnozların hazırlanmasına həsr olunmuş "Məlumat mübadiləsi saatı" keçirilib. Nazirlikdən verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli əhali sakinliyi və demoqrafik inkişaf məsələsinin Azərbaycan hökumətinin gündəliyində mühüm yer tutduğunu qeyd edib. Nazir müavini bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası bütün sahələrdə dinamik tərəqqini təmin etməklə yanaşı, ölkəmizdə demoqrafik vəziyyətin, əhalinin orta illik artım göstəricilərinin yaxşılaşmasına, orta ömür müddətinin uzanmasına, müsbət miqrasiya saldosuna və s. imkan yaradıb. M.Kərimli Azərbaycanda demoqrafik siyasətin BMT-nin Əhali Fondu ilə əməkdaşlıq şəraitində formalaşdırıldığını və həyata keçirildiyini, ölkəmizdə demoqrafik proqnozların hazırlanması işlərində də bu əməkdaşlığın davam etdirildiyini diqqətə çatdırıb. BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev demoqrafik proseslərin sabit şəraitdə davam etməsi üçün məqsədyönlü siyasətin aparılmasında demoqrafik proqnozların hazırlanmasının əhəmiyyətindən bəhs edib. O bununla əlaqədar ekspertlər arasında qarşılıqlı məlumat mübadiləsinə imkan verən belə tədbirlərin də önəmli olduğunu bildirib. Tədbirdə demoqrafiya sahəsi üzrə beynəlxalq ekspert, Çexiyanın Karlov Universitetinin professoru Tomaş Kuçera demoqrafik proqnozlaşdırmanın xüsusiyyətləri, bu sahədə Avropa təcrübəsi barədə məlumat verib. Daha sonra Azərbaycan və dünya əhalisinin say, cins, yaş tərkibi baxımından demoqrafik inkişaf proqnozları müqayisəli formada təqdim olunub və təqdimat əsasında müzakirələr aparılıb.