İngilis dili mərkəzi istifadəyə verilib

"British Council Azərbaycan" və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərindəki 23 nömrəli tam orta məktəbdə İngilis Dili Mərkəzi istifadəyə verilib. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, mərkəzin açılışında təhsil nazirinin müavini Ceyhun Bayramov, "British Council"  təşkilatının regional direktoru Əndi Uilyams, ingilis dili üzrə regional direktoru Cil Koates, "British Council Azərbaycan" ofisinin direktoru Elizabet Vayt, Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Stefen MakKormik və KİV nümayəndələri iştirak ediblər.  Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, bu mərkəzdə məktəblilər ingilis dilini  ən müasir metodologiya, resurs və texnologiyalara əsaslanaraq öyrənəcək. Həmçinin, mərkəzdə müəllimlərin davamlı peşəkar təlimi və inkişafı üçün də imkanlar olacaq. Mərkəzdə yalnız 23 nömrəli məktəbin ingilis dili müəllimləri üçün deyil, digər məktəblərin müəllimləri üçün də şərait yaradılacaq. Nazir müavini əlavə edib ki, "British Council Azərbaycan" və Təhsil Nazirliyinin birgə əməkdaşlıq istiqamətlərindən biri də ingilis dilini tədris edən müəllimlərin ixtisasartırma təlimlərinə cəlb olunmasıdır.  Sonda qeyd olunub ki, daha iki İngilis Dili Mərkəzi sentyabr ayından etibarən Bakıda yerləşən seçilmiş ümumi təhsil müəssisəsi və Təhsil işçilərinin Peşəkar İnkişaf İnstitutunda fəaliyyət göstərəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00