İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı həyati zərurətə çevrilib

XXI əsr informasiya-kommunikasiya texnologiyaları əsri olduğundan müasir texnologiyalar həyatımızın bütün sahələrinə sürətlə daxil olmaqdadır. Azərbaycan bu gün informasiya-kommunikasiya texnologiyaları sahəsində keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Xatırladaq ki, Azərbaycanda "elektron hökumət"in formalaşdırılması ümummilli lider Heydər Əliyev tərəfindən 2003-cü ildə imzalanmış "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya ilə qarşıya qoyulmuş mühüm vəzifələrdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu məsələyə müstəsna əhəmiyyət verməsi və onun icrasını bilavasitə nəzarətdə saxlaması dövlət idarəçiliyi və ictimai həyatın bütün sahələrində "elektron hökumət" ideyalarının tətbiqi ilə vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaratmışdır. Təsadüfi deyil ki, qarşıya qoyulan hədəfə çatmaq üçün "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası qəbul olunmuşdur. Məhz bu sənəddə ölkə iqtisadiyyatının innovativliyinin artırılmasında informasiya-kommunikasiya texnologiyalarının rolu konseptual əsasda öz əksini tapmışdır.

Cari vəziyyət

Etiraf edilməlidir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən görülən nəhəng işlər nəticəsində Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində sürətlə inkişaf edən ölkələr sırasına daxil olmuşdur. Ölkənin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (e-hökumət, e-ticarət, distant təhsil və s.) təşəkkül tapması, informasiya və bilik bazarının yaradılması, iqtisadiyyatın müxtəlif sahələrində səmərəliliyin artırılması, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. Belə ki, MDB ölkələri arasında ilk dəfə Azərbaycanda sabit telefon şəbəkəsi tam elektronlaşdırılmış və ölkənin bütün yaşayış məntəqələri telefonlaşdırılmışdır. Respublikanın bütün rayon mərkəzləri magistral fiber-optik telekommunikasiya şəbəkəsinə qoşulmuşdur. Mobil şəbəkə genişləndirilməsi nəticəsində ölkədə mövcud olan üç mobil operator tərəfindən müasir 3G xidmətləri göstərilir. 2012-ci ildən ölkəmizdə 4G texnologiyasının da tətbiqinə başlanılmışdır. Ölkədə hər 100 nəfərə 110 mobil abunəçi düşür. Məlumata görə Azərbaycan əhalisinin 70%-i internet, onların 50%-i isə genişzolaqlı internet istifadəçisidir. İnternet qiymətləri ildən-ilə azalır, belə ki, 2004-cü illə müqayisədə 1 Mbit/s sürətli internetə qoşulmanın qiyməti 1200 manatdan 10 manata enmişdir. Ölkə üzrə genişzolaqlı xidmətlərə qoşulmanın orta qiyməti orta aylıq əməkhaqqının 3%-ni təşkil edir və bu da BTİ-nin inkişaf etməkdə olan ölkələrdə bu nisbətin 2015-ci ilədək 5%-dən az olması hədəfinə artıq nail olunması deməkdir. Son beş ildə beynəlxalq internet kanalının tutumu 12,9 dəfə artaraq 200 Gbit/s-yə çatmış, internet xidmətləri bazarının həcmi təxminən 4 dəfə artmışdır.

50 ölkəni birləşdirən kosmik məkan

Prezident İlham Əliyevin Sərəncamı ilə 2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ölkəmizdə bu sahənin inkişafına yeni təkan vermişdir. Azərbaycan İlk telekommunikasiya peykini məhz bu ildə orbitə çıxarmağa nail olmuşdur. 8 fevral 2013-cü il tarixində Azərbaycanın ilk peyki olan "Azerspace-1" telekommunikasiya peyki Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. Peykin istehsalçısı olan ABŞ-ın "Orbital Sciences" şirkəti tərəfindən peykin texniki xüsusiyyətlərini əks etdirən sənədlərdə onun orbitdə yararlı ömrünün 15 il olduğu qeyd edilib. Lakin peykin uğurlu buraxılışı və orbitdə olduğu ötən iki il ərzində aparılan effektiv idarəetmə nəticəsində peykin proqnozlaşdırılan ömrü 16,7 ilədək artırılıb. Peykin operatoru, Qafqazın ilk peyk operatoru olan "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti fəaliyyət göstərdiyi dövr ərzində "Azerspace-1" vasitəsilə teleradio yayım və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə şəbəkələrinin təmin edilməsi istiqamətində fəaliyyət göstərməkdədir. "Azerspace-1" peykinin əlverişli orbital mövqedə (46˚ Şərq uzunluğu) yerləşməsi, "Azərkosmos" ASC-nin operativliyi və müştəri məmnuniyyəti siyasəti buna zəmin yaradır. İlk peykimiz Mərkəzi Asiya, Avropa və Afrika və Yaxın Şərqdə yerləşən 50-dən artıq ölkəni birləşdirən kosmik məkanda mühüm rol oynayır.
Hazırda, Azərbaycan, türk, ingilis, gürcü, fars, əfqan və digər dillərdə 121 televiziya kanalı yayımlanır ki, bunun da 108-i əcnəbi, 13-ü yerli kanal, eləcə də, 20 radio kanalın yayımlandığı "Azerspace-1" peyki regionda kifayət qədər tanınıb. Bir çox baxımlı Türkiyə kanallarının "Azerspace-1" peykinə keçidi də buna əyani sübutdur. 2014-cü ilin dekabr ayından etibarən isə "Azərkosmos" sayca ikinci, təyinatına görə yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky"-ın idarəçiliyini təhvil almış və bununla da Geo-İnformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır.

İnternet iqtisadiyyatı rəqiblər üzərində strateji üstünlüyə imkan yaradır

İKT-nin, o cümlədən internet iqtisadiyyatının inkişaf etdirilməsi bütün dünyada olduğu kimi Azərbaycanda da ənənəvi iqtisadi sahələrin inkişafında mühüm rol oynadığı şübhəsizdir. Belə ki, internet iqtisadiyyatı yeni istifadə və iştirak mühitlərinin yaranmasına, məhsuldarlığın artırılmasına, rəqiblər üzərində strateji üstünlüyün əldə olunmasına, tərəfdaşlarla münasibətlərin möhkəmləndirilməsinə, informasiya resurslarından optimal istifadəyə və bütövlükdə cəmiyyətin rifahının yaxşılaşdırılmasına şərait yaradır. Bütün bu məqsədlərə çatmaq və nəzərdə tutulan işləri sistemli şəkildə həyata keçirmək üçün "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"hazırlanmışdır. Ölkədə rəqabətədavamlı və yüksək ixrac potensiallı, innovativ İKT sənayesinin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və "Yüksək Texnologiyalar Parkı" yaradılmışdır. Bu yeni qurumlar ölkə iqtisadiyyatının güclənməsinə, xarici investisiyaların cəlb edilməsinə və İKT məhsullarının istehsalının genişlənməsinə, yeni yaranan şirkətlərin fəaliyyətinin təşkilinə və innovativ təşəbbüslərə maliyyə dəstəyini və təşkilati dəstəyi təmin edir. Yeri gəlmişkən qeyd edək ki, son illərdə İKT sektoru iqtisadiyyatın aparıcı və dinamik inkişaf edən sahəsinə çevrilmişdir.

İKT-nin vətəndaşların social rifahına təsiri

"Elektron hökumət"in tətbiqi ilə əlaqədar iqtisadi və sosial sahələr üzrə təsdiq edilmiş 20-dək dövlət proqramı çərçivəsində "elektron hökumət" layihələri həyata keçirilməkdədir. "Elektron hökumət"in fəaliyyəti üçün zəruri olan normativ-hüquqi bazanın və infrastrukturların formalaşdırılması, elektron ödəmə sistemlərinin tətbiqi əhalinin dövlət orqanları ilə təmaslarının sadələşdirilməsinə, daha münasib və çevik formada həyata keçirilməsinə, yüksək keyfiyyətli xidmətlərin göstərilməsinə və biznes fəaliyyətinin müasir tələblərə uyğun qurulmasına əlverişli imkanlar yaranmışdır. Ölkədə elektron imzadan istifadənin təşkili üçün Açıq Açar İnfrastrukturu və Milli Sertifikat Xidmətləri Mərkəzi yaradılmış və 2011-ci ilin sentyabrından dövlət orqanlarına, vətəndaşlar və sahibkarlıq fəaliyyəti subyektlərinə elektron imzaların verilməsinə başlanılmışdır. Elektron imzanın tətbiqi əhalinin elektron xidmətlərdən istifadə imkanlarının genişləndirilməsinə, onlara daha keyfiyyətli və təhlükəsiz xidmətlərin göstərilməsinə, habelə elektron hökumətin və elektron ticarətin geniş nüfuzetməsinə xidmət etməkdədir.

İKT korrupsiyaya qarşı mübarizədə kəsərli silahdır

Hazırda Avropa İttifaqı ölkələrində vətəndaş cəmiyyətinə və biznes sektoruna göstərilən 20 əsas elektron xidmət növünün bir çoxu, o cümlədən rəsmi sənədlərin verilməsi, vergi və gömrük bəyannamələrinin, statistik hesabatların təqdim olunması, məşğulluq orqanları vasitəsilə iş axtarışı, ali məktəblərə və dövlət qulluğuna qəbul üzrə test imtahanlarında iştirak etmək üçün elektron ərizələrin qəbulu və s. ölkəmizdə də tətbiq edilməkdədir. Dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətində səmərəliliyinin və şəffaflığının artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınmasında elektron xidmətlərin təşkili bu istiqamətdə işlərin sürətləndirilməsinə ciddi təkan vermişdir. Dövlət orqanları tərəfindən, xüsusən əhali ilə bilavasitə təmasda həyata keçirilən xidmətlərin, o cümlədən fərdi sahibkarların və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatı, daşınmaz əmlaka dair çıxarışların və arayışların verilməsi, gətirilən və aparılan malların bəyan edilməsi, məcburi dövlət sosial sığortası üzrə hesabatların və sığortaolunanlar barədə məlumatların təqdim olunması, ünvanlı sosial yardım və pensiya təyinatı üçün ərizələrin, telefon çəkilişi və internetə qoşulmaq üçün müraciətlərin qəbulu və s. elektron formada göstərilməsi təmin edilmişdir. Bir sıra dövlət orqanlarında göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinə şərait yaradılmışdır. Dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin təşkilinə və vətəndaşların dövlət orqanlarının göstərdiyi elektron xidmətlərdən "bir pəncərə" prinsipi əsasında istifadəsinə şərait yaratmaq məqsədilə www.e-gov.az "elektron hökumət" portalı istifadəyə verilmişdir. Artıq bütün sosial təbəqələr bu texnologiyalardan istifadə etməklə hakimiyyət orqanları ilə interaktiv münasibət qurmağa başlayırlar. "E-hökumət" həllərinin tətbiqinin genişləndirilməsi üzrə aparılan intensiv fəaliyyətə görə hazırda BMT-nin "Elektron hökumət"in inkişaf səviyyəsinə görə reytinqində Azərbaycanın 193 ölkə arasında 28 pillə irəliləyərək, 68-ci yeridə bərqərar olub. Hazırda "Elektron hökumət" portalına ölkənin 46 mərkəzi icra hakimiyyəti orqanı qoşulub, portalda təqdim edilən xidmətlərin sayı 405-ə çatıb.
Dünya İqtisadi Forumunun "Qlobal İnformasiya Texnologiyaları 2014" hesabatında Azərbaycan "Şəbəkələşmə Hazırlığı İndeksi"nə görə əvvəlki mövqeyindən 7 pillə irəliləyərək dünyanın 148 ölkəsi arasında 49-cu yerə yüksəlib.

Alim Hüseynli

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31