Tarixin söz elçisi- Yunus Oğuz -65

Elnarə   Qaragözova
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi



    Yunus Oğuz türk tarixində iz qoymuş şəxsiyyətlər və hadisələr vasitəsilə milli kimliyimizi, mədəniyyətimizi, dəyərlərimizi incə, fəlsəfi  mesajlarla dünyaya çatdırmağı qarşısına məqsəd qoyan bir yazıçı kimi müasir ədəbiyyatımızda müstəsna yerə sahibdir. Yazıçı bütün əsərlərində türk xalqlarının min illik tarixi ilə bağlılığı qoruyub saxlayaraq, bir millət olaraq kim olduğumuzu, haradan gəldiyimizi və hara getdiyimizi anladır. O, əsərlərində tarixin gələcəyimizə təsir edə biləcək dərslərini ön planda tutaraq böyük türk tarixinin necə formalaşdığını etap-etap təsvir edir, gənclərimizi öz tarixi kimliklərini kəşf etməyə dəvət edir.
    Yunus Oğuzun əsərlərində hər bir sözün, cümlənin və hadisənin strukturda özünəməxsus yeri vardır. Mətnin hər bir elementi  fəlsəfi, tarixi, mədəni  filtrdən keçirilərək, həmin  tarixi dövrün ruhunu zərgər dəqiqliyi ilə  çatdırmağa xidmət edir. Yazıçı, bəzən bir cümlə ilə bir insanın bütün həyatını, onun mübarizələrini,
arzularını və xəyallarını ifadə edə bilir. Bu, onun yazı üslubunun ən güclü cəhətlərindən biridir; çünki bir cümlə, bəzən bir romanın dərinliyini, bir insanın həyatının bütün çalarlarını özündə cəmləyə bilir. 
Yazıçının yazı üslubu, bədii dili zənginliyi ilə yanaşı, sadə və anlaşılan olması ilə də seçilir. O, mürəkkəb tarixi konsepsiyaları sadə, lakin bədii cəhətdən təsirli bir şəkildə geniş oxucu kütləsinə çatdırmağı bacarır. Yunus Oğuz, bədii dilin imkanlarından istifadə edərək, tarixi şəxsiyyətlərin və hadisələrin sosiokultural kontekstini açır, oxucunu həmin dövrün atmosferinə daxil edir. 
Yunus Oğuz oxucuya təqdim etdiyi tarixi-bədii fakturalarda  təsvir etdiyi dövrün sosiopolitik kontekstinə xüsusi diqqət yetirir, millətin tarixin labirintlərində necə formalaşdığını bədii müstəvidə məharətlə əks etdirir. Yazıçı tarixi hadisələri yalnız faktlar silsiləsi kimi təqdim etmir, eyni zamanda bu hadisələrin arxasında duran insan duyğularını, cəmiyyətin ruhunu və sosial dinamikaları da ön plana çıxarır.Onun əsərlərindəki dərin fəlsəfi qatlar bir tərəfdən milli özünüdərkin, digər tərəfdən isə insanın daxili mübarizələrinin geniş bir panoramasını təqdim edir. 
    65 yaşına qədəm qoyan Yunus Oğuz, ədəbiyyat sahəsindəki zəngin yaradıcılığı ilə yalnız milli kimliyin formalaşmasında tarixin rolunu vurğulamaqla kifayətlənmir, eyni zamanda gənclərə də öz köklərini unutmamağı, mədəniyyətlərini yaşatmağı və gələcək nəsillərə ötürməyi öyrədir. Onun əsərləri, dərin tarixi və mədəni konteksti ilə gənc nəslə öz kimliklərini tapmaqda və bu kimliyi qorumaqda kömək edir. Yunus Oğuzun yaradıcılığı, bütün aspektləri ilə ümumtürk gəncliyinə bir çağırışdır: "Tarixinizi bilin, mədəniyyətinizi yaşadın, gələcəyinizi formalaşdırın!" Bu mesaj, gənclərin öz köklərinə bağlı qalmasının və mədəni irsi yaşatmalarının nə qədər vacib olduğunu önə çıxarır. Yunus Oğuz bütün yaradıcılığını ifadə edən bu mesajla gəncləri yalnız keçmişlə bağlı olmağa deyil, eyni zamanda bu keçmişi gələcəyə daşımağa da təşviq edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31