Tramp administrasiyası Maskın şirkətinə möhtacdır – Çoxmilyardlıq müqavilələr...

İlon Maskla münaqişəsindən sonra ABŞ prezidenti Donald Trampın administrasiyası onun SpaceX şirkəti ilə bağladığı dövlət müqavilələrini analiz edib.

Musavat.com "The Wall Street Journal"a istinadən xəbər verir ki, analiz nəticəsində onların böyük əksəriyyətinə toxunulmaması qənaətinə gəlinib. Belə ki, həmin müqavilələr Pentaqon və ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) üçün həddindən artıq mühüm əhəmiyyət kəsb edir.

Mənbələr qəzetə bildiriblər ki, yoxlamalar dövlət xidmətini tərk edən Maskın iyunun 5-də sosial şəbəkələr vasitəsilə səs-küylü etirazlarından bir neçə gün sonra başlayıb. Araşdırmanın məqsədi SpaceX ilə çox milyard dollarlıq müqavilələr bağlayarkən vəsaitlərin səmərəsiz xərclənməsi hallarını müəyyən etmək olub. Bundan əlavə, ABŞ administrasiyası SpaceX ilə rəqabət aparan şirkətlərin eyni vəzifələri daha effektiv yerinə yetirə bilib-bilməyəcəyini aydınlaşdırmaq istəyib.

Təhlillərin nəticələrinə əsasən rəsmilər belə qənaətə gəliblər ki, SpaceX raket buraxılışı və peyk internet xidmətlərinin göstərilməsi sahəsində əsas şirkətlərdən biridir. Şirkətlə müqavilələr Müdafiə Nazirliyinin və NASA-nın fəaliyyəti üçün zəruri hesab edilib. Bununla belə, hakimiyyət orqanları gələcəkdə bəzi dövlət müqavilələrini daha ətraflı öyrənməyi planlaşdırır.

"The Wall Street Journal" qeyd edir ki, təkcə 2025-ci ilin aprelində Pentaqon SpaceX ilə "milli təhlükəsizlik maraqlarına uyğun buraxılışlar" üçün 5,9 milyard dollarlıq müqavilə imzalayıb. NASA, SpaceX-in iyulun sonunda ISS-ə yeni ekipaj göndərəcəyini gözləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31