Rafael Hüseynov: “Casuslar bir-bir aşkarlanır”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquqi işlər və insan haqları komitəsinin Madriddə keçirilən və 2 gün davam edən iclaslarında Azərbaycanla bağlı bir sıra məsələlər də yer alıb. Həmin iclasda ispaniyalı deputat, Azərbaycan üzrə həmməruzəçi Pedro Agramuntun hazırladığı "Azərbaycanın Avropa Şurasında sədrliyi: İnsan haqlarının qorunması ilə bağlı vəziyyət" adlı hesabat təqdim edilib. Deputat Rafael Hüseynov AzərTAc-ın xüsusi müxbirinə deyib ki, erməni lobbisi, onun Avropa Şurasında araqarışdırıcı təsir imkanları olan qüvvələri Azərbaycan tərəfin Dağlıq Qarabağ münaqişəsinə dair cəhdlərini əngəlləmək üçün qondarma "siyasi məhbus" problemindən yararlanır: "Elə komitənin Madrid iclasında qeyri-hökumət təşkilatları ilə bağlı Azərbaycana qarşı edilən böhtançı, qərəzkar hücumlar da bunun əyani göstəricisidir. Diqqəti cəlb edən məqamlardan biri də budur ki, yenə həmin düşmən mövqeli qüvvələr öz qara siyasətini ortaya qoyarkən başqa muzdlu xidmətçiləri ilə yanaşı, Avropada gizlənən və maliyyələşdirərək ölkəmizə qarşı qısqırtdıqları dönük azərbaycanlılardan istifadə edirlər. Bunun bariz nümunəsi onların Kopenhagendən komitə iclasına Azərbaycana qarşı hədyanlar yağdırmaq üçün gətizdirdikləri Gülnarə Axundovadır. Nəticə etibarı ilə bütün bunlar özünüifşaya aparır, casuslar bir-bir aşkarlanır. Azərbaycan hökumətinin tutduğu aşkarlıq xətti, korrupsiya hallarının qarşısını almaq üçün bütün sahələrdə, o cümlədən QHT-lərin də maliyyələşdirilməsində şəffaflığın təmin edilməsi təşəbbüsləri ölkəmizdəki ayrı-ayrı QHT-lərə xaricdən çirkli pullar axıdan, yaxud hətta qanuni maliyyəni də çirkli məqsədlərə yönəldənləri hövsələdən tamamilə çıxarıb. Onlar ifşa olunduqca daha artıq azğınlaşır, daha çox böhtanlar uydururlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00