Ermənilərin status kvonu saxlamaq, maraqları təmin olunur

Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündən sonra Dağlıq Qarabağ probleminin qısa zamanda həllini tapacağına dair müxtəlif fikirlər səslənir.  Səslənən ehtimallardan biri də ondan ibarətdir ki, Ermənistan Azərbaycanın işğala məruz qoyduğu  7 rayonunu qaytarır, Naxçıvana  koridor verilir. Bunun qarşılığında isə Laçın koridoru açılır və sonrakı mərhələdə Qarabağın statusu məsələsinə baxılır. Bundan sonrakı prosesdə isə 2015-ci ilin sentyabr ayında prezidentlərin yeni görüşü nəzərdə tutulur. Həmin dövrə qədər Böyük Sülh Sazişi hazırlanır. Bəs görəsən bütün sadalanan məqamlar nə dərəcədə mümkün görünür və Ermənistan indiki halda buna hazırdırmı? Həmçinin qeyd edilən koridorların açılması beynəlxalq hüquqa nə dərəcədə uyğundur?

Hüquqşünas Rövşən Məmmədli hesab edir ki, 2015-ci ildə bu məsələnin həllini tapacağını söyləmək bir qədər tezdir. Onun sözlərinə görə, əslində bununla ermənilərin "status kvonu saxlamaq, bacardıqca uzatmaq" maraqları təmin olunur: "Burada diqqəti çəkən əsas məsələ Ermənistana Laçın koridoru verilməsi, əvəzində Naxçıvana Mehri koridorunun alınmasıdır. Hesab edirəm ki, bu Azərbaycanın həm bu günkü, həm də tarixi maraqlarına kökündən ziddir. Həmçinin beynəlxalq hüquqa uyğun deyildir. Belə ki, Dağlıq Qarabağ da, Naxçıvan da Azərbaycanın öz ərazisidir və bu bütün dünya tərəfindən tanınıb. Odur ki, Azərbaycanın öz ərazisi olan Naxçıvana Mehri koridorunu istəməsi təbiidir və beynəlxalq hüquqa da uyğundur. Həmçinin elə Mehri deyilən ərazi də Azərbaycanın tarixi ərazisidir. Bundan başqa Mehri rayonunun da daxil olduğu Zəngəzur adlı bölgəmiz 1923-cü ildə Ermənistana peşkəş ediləndə oradan Naxçıvana gedən Mehri koridoru nəzərdə tutulmuşdu və Sovetlər dönəmində bütün vaxtda bu koridor fəaliyyət göstərdi. Hətta Azərbaycan həmin koridor vasitəsilə Naxçıvana dəmir yolu, avtomobil yolu, müxtəlif boru xətləri də çəkmişdi. Sadəcə SSRİ-nin dağılma ərəfəsində erməni yaraqlıları bu koridordan gedib gələn qatarlara ölümlə nəticələnən basqılar etdilər, avtomobillərin qarşısını kəsib sərnişinlərini əsir götürdülər, öldürdülər və s. Odur ki, Ermənistanın cinayətkar hərəkətləri ucundan bu koridor fəaliyyətini müvəqqəti dayandırıb. Ermənistanın üzərində isə bu öhdəlik qalır və bundan qaça da bilməz". Hüquqşünas deyir ki, Laçın dəhlizinə heç vaxt beynəlxalq status vermək olmaz və verilməməlidir: "Bu status Azərbaycanın və onun xalqının maraqlarına ziddir. Birincisi, Azərbaycan müstəqil dövlətdir, Qarabağ da onun ərazisidir. Ermənistan vətəndaşları Azərbaycanın başqa ərazilərinə beynəlxalq qaydada necə daxil olacaqsa Qarabağa da o cür daxil olmalıdır. Yəni beynəlxalq qaydalara uyğun Azərbaycanla Ermənistan arasında sərhəd və gömrük qaydaları, viza rejimi ilə bağlı razılaşmalar əsasında Ermənistan vətəndaşları Azərbaycana, o cümlədən Dağlıq Qarabağa gəlib gedə bilərlər. Eyni ilə Qarabağda yaşayan ermənilər də viza ilə gedib gələ bilərlər. Həmçinin Ermənistanla Azərbaycan arasında bağlanmış iqtisadi müqavilələrə əsasən iqtisadi əlaqələr qura bilərlər. Ancaq mədəni hüquqlar sahəsində  Dağlıq Qarabağ ermənilərinə beynəlxalq qaydada nəzərdə tutulan hüquqları vermək olar. İstədikləri kimi Ermənistanla mədəni əlaqələr yarada bilərlər. İqtisadi əlaqələrdə də Azərbaycan dövlətinin maraqlarına xələl gətirməyən sərbəstliklər verilə bilər. Beləliklə Mehri koridorundan fərqli olaraq "Laçın koridoru" statusu ola bilməz və bu yolverilməz haldır. Bu gələcəkdə başımıza yeni oyunlar gətirilməsi üçün əsas ola bilər". Rövşən Məmmədli bildirir ki, "Laçın koridoru" Dağlıq Qarabağla Gorusu birləşdirməlidir ki, Gorus da 1923-cü ilə kimi Azərbaycan dövlətinin ərazisi olub və tarixi torpağıdır: "İndi Azərbaycanın öz tarixi torpaqları arasında üstəlik də bir "Laçın koridoru" peyda olması Azərbaycan xalqının tarixi maraqlarına, eləcə də bu gününə sabahına vurulan bir zərbə olar".


Süleyman İsmayılbəyli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00