AXCP niyə ana müxalifətə çevrilə bilmədi?
Qisasçılığı, tələskənliyi Əli Kərimlini geri saldı
31 Oktyabr 2014 14:41 Siyasət2013-cü ilin yaz aylarından müxalifət düşərgəsində baş verən parçalanmaların, didişmələrin arxasında tək bir güc:AXCP və bu partiyanın sədrinin ana müxalifət lideri olmaq iddiaları dayanır. 2000-ci ildə Müsavat-"klassiklər" koalisiyası tərəfindən darmadağın edilmiş, küncə sıxışdırılmış Əli Kərimli qrupu qısa zaman kəsiyində AXCP adını ictimai rəydə geri qaytardı, iri müxalifət partiyaları ilə bir sıraya keçdi. Müsavatın faciəsi də ondan başladı. 2003-cü ilin oktyabrında Müsavat möhkəm zərbə aldı. Partiyanın rayon təşkilatları, Müsavat-KXCP birliyi dağıldı. Müsavat zorən (daxildəki AXCPyanlılarının təzyiqi ilə) AXCP ilə müttəfiq olmağa razılıq verdi. 2005 -ci il parlament seçkiləri zamanı Müsavatla AXCP müttəfiq idi. Həmin il Müsavat parlamentdə təmsil olundu, AXCP olunmadı. 2006-cı ildə partiyalar arasında mandat qovğası yarandı. AXCP Müsavata ilk zərbəsini endirdi. Lakin Müsavatın təbliğat resursları güclü olduğundan duruş gətirdi. Müsavatla AXCP-nin toqquşması bir də keçən il Milli Şura yarananda baş verdi. Şura formalaşanda bəlli idi ki, Müsavatla AXCP mehriban düşməndirlər və fürsət düşən kimi savaşacaqlar. Şura daxilində sıxışdırılan Müsavat 2014-cü ilin ilk ayı qurumdan istefa verdi. Bu, AXCP-yə Müsavata qarşı qara piara başlamaq üçün əsas yaratdı. Yarım il Müsavat AXCP mətbuatında, sosial şəbəkələrdə satqın, xain kimi aşağılandı. Bu günə qədər bu siyasət davam edir. Bu gün məlum olur ki, Müsavatı Milli Şuradan çıxmağa vadar edən də AXCP imiş. Əli Kərimlinin Müsavat, KXCP-yə qarşı dözülməz kini müxalifəti olduqca rəzil bir duruma salıb. AXCP ideoloqları bir şeyi anlamadılar ki, indi 2000-ci il deyil. O zaman AXCP-ni küncə sıxışdıran, müxalifət düşərgəsində atan Müsavatın gücü elektoratda idi. Milli Azadlıq Hərəkatının əsas nüvəsi AXCP və Müsavatda, qismən ADP-də, AMİP-də toplanmışdı. AXCP-nin rayon təşkilatlarının mütləq əksəriyyəti "klassik" adı ilə Müsavatı dəstəkləyirdi. Müsavat buna görə güclü idi. AXCP Müsavatı ona görə əzə, tam sıradan çıxara bilmir ki, arxasında güc yoxdu. Milli Şura deyilən qurum demək olar ki, AXCP-dən və azsaylı müstəqillərdən ibarətdir. Qurumun sədri Cəmil Həsənli də hətta AXCP sədrinin müavini olub. Bir sözlə, AXCP-nin ana müxalifət olmağa yetərli sosial bazası yoxdur. Müxalifət təşkilatlarının kiçilib dərnək kimi fəaliyyət göstərdiyi bir dövrdə ana müxalifət, real müxalifət, qeyri-real müxalifət sevdasına düşmək özü gülünc görünür. Bu gün ölkədə real radikal qüvvə AXCP-dir. Ancaq bu partiya hələ də ictimai rəydə Müsavatdan kiçik görünür. Bunun səbəbi nədir? Bunun səbəbini ilk növbədə AXCP sədrinin tələskənliyində, intriqantlığında axtarmaq lazımdır. Əli Kərimli zamanı düzgün dəyərləndirə bilmədi. O, Müsavatın dağılmasına, parçalanmasına sevinməkdənsə, müsavatçıları öz tərəfinə çəkməyi bacarmalı idi. AXCP sədrinin ən böyük uğursuzluğu isə onun keçmişi ilə bağlıdır. Bu gün Müsavata qarşı səsləndirdiyi ittihamlar bir zamanlar Əli Kərimliyə və onun "Yurd" qrupuna deyilirdi. Özü də öz partiyadaşları tərəfindən.
Ərhun Abbas