Elnur Astanbəylinin sərt Müsavat ittihamlarına Arif Hacılının qardaşından cavab
Mustafa Hacıbəyli: “Divan, MNTK və digər bütün strukturlar seçkidə bu və ya digər namizədin tərəfini tutublar”
31 Oktyabr 2014 12:55 SiyasətMüsavat üzvü Elnur Astanbəyli partiyada baş verən proseslər barədə kəskin ittihamlar səsləndirib. O, qurultay üçün namizədliyini irəli sürmüş şəxslərin biri-birinə qarşı əks-təbliğat apardıqlarını və qurultayda seçkilərin antidemokratik keçdiyini deyib. Müsavat Partiyası İcra Aparatının qurultayda tərəf tutduğunu iddia edib. E.Astanbəylinin fikirlərinə cavab verən Müsavat funksioneri Mustafa Hacıbəyli onunla razılaşmayıb. M.Hacıbəyli qeyd edib ki, partiya daxilindəki bəzi qüvvələr İcra Aparatının seçkilərdə Arif Hacılını dəstəkləməsinin guya qəbahətli məsələ olduğuna inandıra biliblər: "Səni də inandırıblar. Amma təkcə İcra Aparatı yox, Divan, MNTK və digər bütün strukturlar seçkidə bu və ya digər namizədin tərəfini tutublar. Əslində bu məsələdə həqiqətən tərəfsiz qalmalı olan MNTK qarşı tərəfi müdafiə edib. Eynən mətbuat xidmətinin rəhbərliyi də bu mövqedə olub. İcra Aparatı deyilən struktur 7-8 nəfər maaşsız işləyən müsavatçıdan ibarətdir. İcra Aparatında yalnız bir nəfər az da olsa məvacib alan əməkdaş var ki, o da Qubad bəyi dəstəkləyib. İstər Divanda, istər İcra Aparatında, istər MNTK-da olan şəxslər kənardan gələn muzdlular deyil. Müsavat üzvləridir. Onların seçkilərdə iştirakı necə qadağan olunmalıydı? Bir çox məsələlər barədə susuruq. Qalib tərəf kimi xırdaçılığa getmək istəmirik. Qüsurlar olubsa, daha çox məğlub tərəfin xeyrinə olub".