Sülh gündəliyində Azərbaycanın mövqeyi dəyişməzdir- ÖZƏL

"Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin 2031-ci ilədək imzalanacağı barədə açıqlaması xüsusi diqqət çəkir. Sülh prosesinin məqsədi uzaq tarixlər müəyyənləşdirmək deyil, razılaşdırılmış şərtləri mümkün qədər tez yerinə yetirməkdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əliyeva deyib: "Əgər tərəflər sülhün əsas prinsipləri barədə razılığa gəliblərsə, əsas sual müqavilənin hansı ildə imzalanacağı yox, ona aparan konkret addımların nə vaxt atılacağıdır.
Azərbaycanın mövqeyi isə prinsipial olaraq dəyişməyib. Azərbaycan sülhdən imtina etmir, əksinə, regionda davamlı sülhün və dövlətlərarası münasibətlərin normallaşmasının tərəfdarıdır. Faktiki sülhün formalaşması üçün əldə edilmiş nəticələrin qorunması və hüquqi baxımdan möhkəmləndirilməsi ölkənin əsas prioritetlərindəndir. Bununla belə, sülh yalnız bir tərəfin səyləri ilə təmin oluna bilməz. Ermənistanın da üzərinə düşən öhdəlikləri yerinə yetirməsi, yeni şərtlər irəli sürmək və prosesi uzatmaq əvəzinə razılaşdırılmış gündəlik üzrə hərəkət etməsi vacibdir. Çünki sülh gündəliyinin dəyişdirilməsi ümidi ilə bölgədə yeni siyasi reallıqların yaranmasını gözləmək etimadı zəiflədə və prosesin uzanmasına səbəb ola bilər.
Bu gün regionun ehtiyacı yeni qarşıdurma və siyasi polemikalar deyil, konkret qərarlar və onların icrasıdır. Azərbaycan öz mövqeyini dəfələrlə ortaya qoyub: sülh mümkündür və bunun üçün siyasi iradə mövcuddur. İndi əsas məsələ Ermənistanın da həmin iradəni konkret və ardıcıl addımlarla nümayiş etdirməsidir.
Davamlı sülh yalnız qarşılıqlı öhdəliklərə sadiqlik, ərazi bütövlüyünə hörmət, hüquqi təminatlar və razılaşdırılmış gündəliyin ardıcıl icrası əsasında qurula bilər. Azərbaycan bu prosesdə konstruktiv mövqeyini qoruyur və sülh müqaviləsinin imzalanmasına aparan yolun açıq qalmasında maraqlıdır. Ermənistanın qarşısında duran əsas vəzifə isə artıq razılaşdırılmış məsələlər üzrə real addımlar atmaq və sülh prosesini siyasi bəyanatlar deyil, konkret qərarlar mərhələsinə keçirməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31