Qubadlının azadlığı Azərbaycan əsgərinin şücaətini nümayiş etdirdi-Özəl
15:19 Siyasət"Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar milli qürurun, vətən sevgisinin və qəhrəmanlığın rəmzinə çevrilir. 25 oktyabr - Qubadlı Şəhəri Günü də xalqımızın yaddaşında xüsusi yer tutan, tarixi Zəfərimizin təntənəsini və doğma torpaqlarımıza qayıdış ümidini özündə birləşdirən əlamətdar günlərdəndir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Qubadlı rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biri olmaqla, zəngin tarixi, mədəni irsi, füsunkar təbiəti və zəhmətkeş insanları ilə tanınır. Bərgüşad və Həkəri çaylarının əhatəsində yerləşən bu diyar əsrlər boyu Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanıldığı məkanlardan biri olmuşdur. Qubadlı həm də öz igid oğulları, Vətənə sədaqəti və el-obasına bağlılığı ilə seçilən insanları ilə qürur doğurur.
1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Qubadlı uzun illər doğma yurdlarından didərgin düşmüş sakinlərinin qəlbində nisgilə çevrildi. Minlərlə insan öz evindən, torpağından ayrı düşdü, doğma ocaqlarından uzaqda yaşamağa məcbur oldu. Lakin qubadlılıların Vətən sevgisi, doğma yurda qayıdış inamı heç vaxt sönmədi. Onlar hər zaman öz torpaqlarına qayıdacaqları günün həsrəti ilə yaşadılar.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizənin həlledici mərhələsi oldu. Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində işğal altında olan torpaqlarımızın azadlığına qovuşması istiqamətində mühüm nailiyyətlər əldə edildi.
2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi Azərbaycan tarixinin şanlı səhifələrindən birinə çevrildi. Bu tarixi hadisə yalnız ərazi bütövlüyümüzün bərpası istiqamətində mühüm addım deyil, həm də illərlə doğma yurd həsrəti ilə yaşayan insanların qəlbində yeni ümidlərin yaranması demək idi. Qubadlı şəhərinin azadlığı Azərbaycan əsgərinin şücaətini, xalqımızın birliyini və dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi".