“Bir millət, iki dövlət” diplomatiyası: Ərdoğanın zəngindəki mühüm mesajlar – ÖZƏL
15:09 SiyasətOktyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Danışıq zamanı Türkiyə dövlət başçısı Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə Prezident İlham Əliyevi təbrik edib və onu Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib. Dövlətimizin başçısı diqqətə və təbrikə görə minnətdarlığını bildirərək ölkələrimiz arasındakı qardaşlıq və müttəfiqlik münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib. Telefon söhbəti əsnasında, eyni zamanda, Azərbaycan-Türkiyə ikitərəfli əlaqələri, eləcə də regional və qlobal miqyaslı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"Telefon danışığı və dəvətin əhəmiyyəti haqqında danışsaq burada çox vacib siyasi mesaj var. Ərdoğanın 35-ci ildönümü münasibətilə şəxsən zəng etməsi Ankaranın Bakıya münasibətini ən yüksək səviyyədə nümayiş etdirir. Və bu "bir millət, iki dövlət" yanaşmasının davamıdır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əfsanə İbrahimova deyib. Siyasi şərhçi bildirib ki, dəvət Azərbaycanın iştirakının Türkiyə üçün prioritet olduğunu göstərir. Azərbaycan həm də Türk dövlətləri arasında təşəbbüskar tərəflərdən biridir. Məsələn, 2023-cü ildə Ankarada keçirilən növbədənkənar zirvə Azərbaycanın təklifi əsasında çağırılmışdı. Regional kontekstdən yanaşsaq deyə bilərik ki, danışıqda "regional və qlobal məsələlərin" müzakirəsi qeyd olunub. Zirvədə bəzi mövzuların ön plana çıxması gözlənilir. Zirvə oktyabrın 29-30-da Ankarada keçiriləcək. Xarici işlər naziri Hakan Fidan və TDT Baş katibi sentyabrda hazırlıqları müzakirə edərkən 2027-2031-ci illər üçün TDT Strategiyasını və təşkilatın institusional imkanlarının gücləndirilməsini gündəmə gətiriblər. Bunlar rəsmi gündəmin əsas başlıqlarıdır. Nəqliyyat və tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi gözlənilir. Orta Dəhliz, Zəngəzur, Naxçıvan istiqamətində əlaqələr, dəmir yolu və gömrük prosedurları nəzərdə tutulur burda.
Ekspertin sözlərinə görə, enerji istiqamətində isə qaz və elektrik ötürmə layihələri, yaşıl enerji və s. İstiqamətində Azərbaycan Avropa və Mərkəzi Asiya arasında körpü rolunu vurğulaya bilər. İqtisadi sahəyə gəldikdə isə deyə bilərik ki, bu proseslərin nəticəsində ticarət həcminin artırılması, Türk İnvestisiya Fondu, rəqəmsal və sənaye əməkdaşlığı gözləniləndir. Regional gərginliklər fonunda koordinasiya və müdafiə sənayesi əməkdaşlığı da müzakirə mövzusu ola bilər.
Səidə Ramazanova