Sülh müqaviləsi təhlükədə: Ermənistanın ziddiyyətli bəyanatları nəyə xidmət edir? – ÖZƏL
14:37 SiyasətErmənistan XİN başçısı Ararat Mirzoyanın TRIPP marşrutu ilə bağlı açıqlaması Azərbaycanda sərt reaksiyaya səbəb olub. Mirzoyan Zəngəzur dəhlizi üzrə yalnız dəmir yolunun çəkiləcəyini deyib. Bu açıqlama Bakıda sülh razılaşmasının pozulması kimi qiymətləndirilir, çünki əvvəlki razılaşmalarda həm dəmir yolu, həm avtomobil yolunun, həm də kommunikasiyaların nəzərdə tutulduğu bildirilirdi.
Mirzoyanın "yalnız dəmir yolu" deməsi İrəvanın geri çəkilməsidir, yoxsa? Bu açıqlama TRIPP-in icrasını və 2027 planını necə dəyişir?
"Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin 2031-ci ilə qədər uzana biləcəyi barədə bəyanatından sonra Ermənistan tərəfindən həm ziddiyyətli, həm də sülh danışıqlarının fəlsəfəsinə və ruhuna uyğun olmayan yeni açıqlamalar eşidirik. Bunlardan biri, heç şübhəsiz ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın məlum bəyanatıdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, Ararat Mirzoyan da çox yaxşı bilir ki, Azərbaycanla apardıqları sülh danışıqlarında əvvəlki adı ilə Zəngəzur dəhlizi, rəsmi sənədlərdə isə TRIPP marşrutu adlandırılan bu kommunikasiya xətti üzrə söhbət təkcə dəmir yolunun çəkilməsindən getmir. Eyni zamanda, burada avtomobil yolunun və digər kommunikasiya xətlərinin, elektrik enerjisi xətlərindən internet kabellərinə, neft və qaz kəmərlərinə qədər müxtəlif infrastruktur xətlərinin keçəcəyi bir marşrutdan söhbət gedir. Bu gün Mirzoyanın belə bir açıqlama verməsinin yalnız Ermənistanın daxili auditoriyasına hesablandığını düşünmürəm. Ermənistan daxilində hakimiyyətə qarşı ciddi təzyiqlər var. Buna görə də hakimiyyətin həmin təzyiqləri azaltmaq və xalqın dəstəyini qazanmaq məqsədilə belə açıqlamalar verməsi ehtimalı mövcuddur. Lakin görünən odur ki, bu məsələ Nikol Paşinyan hakimiyyəti üçün növbəti bir "Dəmir yumruq" zərbəsinin endirilməsinin vaxtının çatması kimi də qiymətləndirilə bilər. Çünki, doğrudan da, bu gün istər Nikol Paşinyan, istərsə də Ararat Mirzoyan tərəfindən verilən açıqlamalar, bir daha qeyd edirəm ki, aparılan sülh danışıqlarının ruhuna uyğun deyil.
Bakı buna cavab olaraq hansı diplomatik və ya tranzit təzyiq alətlərindən istifadə edə bilər?
İlk növbədə, Azərbaycanın son zamanlar Ermənistana birtərəfli qaydada güzəştə getdiyi nəqliyyat və logistika imkanlarını yenidən məhdudlaşdırması mümkündür. O cümlədən Azərbaycan Ermənistana neft məhsullarının satışını dayandıra bilər. Həmçinin hələ də erməni işğalı altında olan dörd anklav ərazinin antiterror əməliyyatı vasitəsilə işğaldan azad edilməsi kimi sərt tədbirlər həyata keçirilə bilər. Lakin bütün bunların baş verməməsi üçün hesab edirəm ki, Ermənistan hakimiyyəti bir daha yaxşı-yaxşı fikirləşməli və dərindən düşünməlidir. Çünki bu dəfə hərbi əməliyyatlar bərpa olunarsa, ehtimal ki, Azərbaycan yalnız həmin dörd anklav ərazinin işğaldan azad edilməsi ilə kifayətlənməyəcək. Həmin ərazilərin təhlükəsizliyinin təmin olunması üçün müəyyən bufer zonaların da nəzarətdə saxlanılması zərurəti yarana bilər. Belə bir vəziyyət isə Nikol Paşinyan hakimiyyəti üçün daha ciddi və ağır nəticələrə səbəb ola bilər. Ermənistan daha ağır şərtlər altında sülh danışıqları aparmağa məcbur qala bilər.
Səidə Ramazanova