Əli Mustafa: “Bu açıqlama Avropanı Rusiyaya qarşı səfərbər etməyə xidmət edir” – ÖZƏL
14:35 SiyasətNATO-nun Çevrilmə üzrə Birləşmiş Qüvvələrinin Ali Baş Komandanı Vandye Rusiya ordusunun təhlükəli dərəcədə dəyişdiyini deyib. Onun sözlərinə görə, Rusiya artıq 2022-ci ildəki kimi deyil, döyüş meydanında öyrənib, uyğunlaşıb və çoxlu itki bahasına ciddi təcrübə toplayıb. Vandye nümunə kimi "Geran" dronlarını göstərib və rusların yeni standartları aktiv tətbiq etdiyini, təşəbbüskar və kreativ olduqlarını, məhz bu səbəbdən təhlükəli sayıldığını vurğulayıb. O, NATO-nun üstünlüyünü nümayiş etdirməli olduğunu bildirib. Bu açıqlama Alyansın ilk dəfə Rusiyanın praktik döyüş təcrübəsindən açıq narahatlığını göstərir.
NATO generallarının Rusiyanı "kreativ və təşəbbüskar" adlandırması - taktiki etirafdır, yoxsa? Rus ordusunun 2022-dən bəri öyrəndiyi dərslər NATO-nun Şərqi Avropa planlarını necə dəyişəcək? Bu açıqlama Rusiya ilə birbaşa toqquşma riskinin artdığını göstərirmi?
"Bu açıqlama onu deməyə əsas verir ki, NATO generalı mövcud vəziyyəti ayıq gözlə dəyərləndirir. Eyni zamanda, Rusiya ordusunun, Rusiya hərb maşınının yerində saymadığını da etiraf edir. Bu açıqlama müəyyən mənada NATO tərəfdarlarını da narahat vəziyyətdə qoyur".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, bu gün Avropada hələ də tərəddüd edən qüvvələr, dövlətlər var. Onlar hesab edirlər ki, Ukrayna müharibəsinə dəstək verməmələri özləri üçün ciddi təhdid yaratmır. Lakin NATO generalının açıqlaması əslində bütün Avropaya, xüsusilə də NATO üzvü olan dövlətlərə ünvanlanmış mesajdır. Bu mesajda Rusiyanın güclü olduğu vurğulanır. Heç də düşünmək lazım deyil ki, Rusiya Ukrayna müharibəsində zəifləyib, bir milyon yarım əsgər itirib və bununla da hərbi potensialını əhəmiyyətli dərəcədə tükədib. Əksinə, general hesab edir ki, Rusiya bu müharibə təcrübəsindən daha çox şey əldə edib, hətta daha kreativ və təşəbbüskar olub. Bütün bunlar onu göstərir ki, NATO daha ciddi şəkildə hazırlaşmalı, Rusiyaya qarşı daha ciddi şəkildə təşkilatlanmalı və öz hərbi imkanlarını gücləndirməlidir. Məncə, bu açıqlama müəyyən qədər NATO daxilindəki fikir ayrılıqlarını da, necə deyərlər, ertələməyə xidmət edir. Eyni zamanda, bütün bunlar NATO-nun Şərqi Avropa ilə bağlı planlarında hazırlıqları daha da gücləndirmək, qüvvələri daha çox mobil vəziyyətə gətirmək istəyini ortaya qoyur. Təbii ki, burada Rusiyanın güclənməsi məsələsi birbaşa Rusiyaya hücum etmək və ya Rusiyadan qorxmaq kimi başa düşülməməlidir. Bu, sadəcə olaraq, Rusiyanın hərbi potensialı ilə bağlı müəyyən reallığın etirafıdır. İndi ola bilsin ki, bu açıqlamanın arxasında müəyyən siyasi və digər məqamlar da dayanır. Dediyim kimi, ola bilsin ki, NATO bununla müəyyən qədər təhdid mesajı verməklə öz tərəfdarlarını, yəni həm NATO üzvü olan dövlətləri, həm də NATO üzvü olmayan digər Avropa dövlətlərini Rusiyaya qarşı səfərbər etməyə çalışır. Eyni zamanda, Ukraynaya dəstəyin vacib olduğuna onları inandırmaq istəyir. Əslində, bu açıqlama Ukraynanın dəstəklənməsinin nə qədər vacib və əhəmiyyətli olduğuna dair bir anons kimi də qəbul edilə bilər. Bu, həm də Rusiyaya qarşı hazır olmalıyıq mesajını verir. Bütün bunlar onu da göstərir ki, Rusiya ilə NATO arasında toqquşma riski hər gün bir qədər də artır, nəinki azalır.
Səidə Ramazanova