İranda proseslər sürətlənir: Güney Azərbaycan üçün yeni perspektiv - ÖZƏL
14:23 Siyasət"Həqiqətən də, dünyada baş verən digər proseslər fonunda İranda, xüsusilə Bəlucistan əyalətində cərəyan edən hadisələr kölgədə qalıb. Azərbaycan ictimaiyyətinin diqqəti də faktiki olaraq İranın daxilində baş verən proseslərdən bir qədər yayınıb. Bu, təsadüfi deyil. Çünki son həftələr ərzində qardaş Türkiyədən Azərbaycana qarşı ictimai rəyi çaşdırmağa yönəlmiş təxribatçı hücumlar artıb. Təbii ki, Azərbaycan ictimai rəyinə təsir göstərən bu məsələlərlə məşğul olanlar da diqqətlərini həmin proseslərə yönəldirlər. Demək istədiyim odur ki, belə bir şəraitdə İranda baş verən hadisələrin arxa planda qalması gözlənilən idi."
Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Təbii ki, biz də baş verən prosesləri izləməyə çalışırıq. Şəxsən mən də bu hadisələri diqqətlə izləyirəm. Bəlucistan bölgəsində yerli əhali ilə polis, eləcə də silahlı qruplarla hüquq-mühafizə orqanları arasında qarşıdurmalar yaşanır. Demək olar ki, hər gün polis əməkdaşlarının öldürülməsi ilə bağlı xəbərlər yayılır. Bəs bu hadisələr nədən qaynaqlanır və niyə baş verir?
İlk növbədə, İranın Bəlucistan bölgəsində kompakt şəkildə sünni əhali yaşayır. Məlum olduğu kimi, İran şiəliyin üstünlük təşkil etdiyi dövlətdir, lakin ölkənin bu bölgəsində sünni əhali məskunlaşıb. Bundan başqa, Bəlucistanda uzun illərdir İrandan ayrılaraq müstəqil dövlət qurmaq uğrunda mübarizə aparan qüvvələr mövcuddur. Digər mühüm məqam isə Bəlucistanın bölünmüş ərazi olmasıdır. Belə ki, bu bölgənin bir hissəsi İranın, digər hissəsi isə Pakistanın ərazisində yerləşir.
Bütün bu amillər bölgədəki gərginliyin davam etməsinə təsir göstərir. İranda parçalanma ehtimalı və yeni müstəqil dövlətlərin yaranması ilə bağlı müzakirələr artdıqca, Bəlucistanda da fəallığın yüksəldiyi müşahidə olunur. Bu proseslər, təbii ki, İran hakimiyyətini də narahat edir. Buna görə də bölgəyə əlavə polis və hərbi qüvvələr göndərilir. Eyni zamanda, müstəqillik tərəfdarı olan yerli silahlı qrupların da silahları var. Bundan əlavə, onların xaricdən silahlandırılması üçün müəyyən amillərin mövcud olduğunu da söyləmək mümkündür.
Beləliklə, bölgədə elə proseslər cərəyan edir ki, onların nəticəsi olaraq İranın parçalanması və ölkənin bölünəcəyi təqdirdə Bəlucistanda yeni müstəqil dövlətin yaradılması ehtimalı gündəmə gəlir. Əks halda, demək olar ki, hər gün polis əməkdaşlarının və dövlət nümayəndələrinin öldürülməsi ilə bağlı xəbərlərin yayılmasını izah etmək çətin olardı. Bölgədəki qüvvələr arasında mübarizə əzmi güclüdür. Onlar artıq İran rejiminin hakimiyyəti altında, özlərinin ifadə etdiyi kimi, işğal və istibdad şəraitində yaşamaqdan bezdiklərini bildirirlər. Buna görə də bu mübarizədə böyük risklərə getməkdən çəkinmirlər.
Məsələyə Azərbaycanın maraqları baxımından yanaşdıqda isə, təbii ki, ilk növbədə Güney Azərbaycan amili diqqətə gəlir. İranda çoxsaylı türk əhalisi, o cümlədən azərbaycanlılar və digər türk xalqları yaşayır. Onların İran əhalisinin az qala yarısını, bəlkə də yarıdan çoxunu təşkil etdiyini düşünənlər var. Əlbəttə, İranın parçalanacağı təqdirdə türklərin də öz müstəqil dövlətlərini qurması məsələsi gündəmə gələ bilər.
Biz bu perspektivi Güney Azərbaycan Cümhuriyyətinin yaradılması ideyası ilə əlaqələndiririk. Güney Azərbaycandakı müstəqillik tərəfdarlarının da bu barədə düşündüyünü hesab edirik. Yəni İranda proseslərin sürətlənəcəyi təqdirdə biz yeni Güney Azərbaycan Cümhuriyyətinin yaranması ehtimalını da nəzərə almalı və belə bir geosiyasi dəyişikliyə hazır olmalıyıq."
İbrahim Məmmədli