Azərbaycan–Qırğızıstan müttəfiqliyinin təsdiqi uzunmüddətli strateji çərçivə müəyyənləşdirir - ÖZƏL

"Azərbaycanla Qırğızıstan arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə 21 oktyabr 2026-cı ildə Azərbaycan Prezidenti tərəfindən təsdiq edilib."

Bu fikirləri Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətlərinin təsdiqlənməsi iki ölkə arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsindən xəbər verir. Bu hadisə sadəcə diplomatik münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etmir. Burada söhbət həm də qarşılıqlı etimadın, siyasi dəstəyin, habelə ortaq strateji maraqların əlaqələndirilməsindən və möhkəmləndirilməsindən gedir.

Deməli, iki ölkə arasında siyasi dialoq daha sistemli xarakter alacaq. Azərbaycan və Qırğızıstan ikitərəfli münasibətlərini dərinləşdirməklə yanaşı, beynəlxalq təşkilatlarda da bir-birinin mövqelərini yaxından dəstəkləyəcəklər. Həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq daha da gücləndiriləcək.

Lakin müttəfiqlik hər bir məsələ ətrafında vahid mövqeyə malik olmaq demək deyil. Əsas amil ondan ibarətdir ki, ortaq maraqlar uzlaşdırılsın və hər bir tərəf qarşılıqlı şəkildə üzərinə götürdüyü öhdəliklərə sadiq olsun.

Şübhəsiz ki, münasibətlərimizin digər mühüm istiqamətlərindən biri iqtisadiyyat və nəqliyyat-logistika sahəsidir. Mərkəzi Asiya ilə Azərbaycan arasında investisiya əlaqələrinin canlandığının şahidiyik. Həmçinin Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin genişləndirilməsi, Transxəzər marşrutunun və Orta Dəhlizin imkanlarının artırılması qarşımızda yeni perspektivlər açır.

Qırğızıstanın coğrafi baxımdan Mərkəzi Asiyada, Azərbaycanın isə Cənubi Qafqaz və Xəzər hövzəsi arasında yerləşməsi tərəflərə malik olduqları tranzit mövqelərindən səmərəli istifadə etmək imkanı yaradır. Bu da əməkdaşlığımızın geoiqtisadi əhəmiyyətini artırır.

Ortaq investisiyalar, sənaye, kənd təsərrüfatı, rəqəmsallaşma və humanitar əlaqələr də münasibətlərimizin digər istiqamətlərini təşkil edir. Təbii ki, müttəfiqlik konkret sahələr üzrə layihələrin həyata keçirilməsi üçün daha əlverişli mühit yaradır. Habelə düşünürəm ki, bu münasibətlərin real nəticələri siyasi bəyanatlardan daha çox praktik iqtisadi layihələrdə öz əksini tapmalıdır.

Daha geniş kontekstdə də əməkdaşlığımız mühüm nəticələr vəd edir. Azərbaycan-Qırğızıstan əməkdaşlığı Türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsinə xidmət etməklə yanaşı, iki regionun öz imkanlarını birləşdirməsinə, nəqliyyat və logistika əlaqələrinin şaxələndirilməsinə, həmçinin beynəlxalq münasibətlər sistemində daha fəal mövqedən çıxış etməsinə şərait yaradır.

Münasibətlərimizin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi və Azərbaycan-Qırğızıstan müttəfiqliyinin təsdiq olunması uzunmüddətli strateji çərçivə müəyyənləşdirir. Qarşıda duran əsas vəzifə isə həmin siyasi iradəni konkret iqtisadi, nəqliyyat-logistika və institusional nəticələrlə daha da möhkəmləndirməkdir."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31