Azərbaycanın Ermənistana sülh gündəliyi təqdim etməsi regionda yeni münasibətlər sistemini formalaşdırıb- ÖZƏL
13:00 Siyasət"Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Qələbə və 2023-cü ildə suverenliyinin tam bərpası bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyini təmin etməklə uzun illər davam edən münaqişənin hərbi-siyasi nəticələrini dəyişdi. Bununla yanaşı, Azərbaycanın təcrübəsi göstərdi ki, hərbi müstəvidə əldə edilən nəticə sonrakı mərhələdə siyasi məsuliyyət, diplomatik iradə və sülh quruculuğu ilə tamamlanmalıdır. Uzunmüddətli qarşıdurmanın ağır nəticələrinə baxmayaraq, Azərbaycanın Ermənistana sülh gündəliyi təqdim etməsi regionda yeni münasibətlər sisteminin formalaşdırılması baxımından mühüm addım oldu". "Olaylar" xəbər verir ki, bunu YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə deyib: "Burada prinsipial məsələ sülhün yalnız müharibənin başa çatması kimi qiymətləndirilməməsidir. Davamlı sülh qarşılıqlı suverenliyə hörmət, ərazi iddialarından imtina, sərhədlərin toxunulmazlığının qəbul edilməsi və öhdəliklərin yerinə yetirilməsi ilə möhkəmlənə bilər. Etimadın formalaşması üçün siyasi bəyanatlarla yanaşı, konkret addımlar və ardıcıl dialoq vacibdir. Deməli, Azərbaycanın irəli sürdüyü sülh yanaşmasının strateji mahiyyəti əldə olunmuş tarixi nəticələri regionun uzunmüddətli təhlükəsizliyinə və əməkdaşlıq imkanlarına çevirməkdən ibarətdir.
AQEM-in VII Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın bu məsələlərə münasibətinin daha geniş beynəlxalq müstəvidə təqdim olunmasına imkan yaratdı. Asiya və Avropa arasında mühüm coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və humanitar əlaqələr vasitəsilə regional və qlobal proseslərdə fəal iştirak edir. Ölkəmizin AQEM-ə ikiillik sədrliyi dövründə nəqliyyat, rəqəmsallaşma, ətraf mühit, turizm, təhsil və elm sahələrində əməkdaşlığın inkişafına yönəlmiş təşəbbüsləri təşkilatın institusional imkanlarının gücləndirilməsinə xidmət edib. Sədrliyin 2026-2028-ci illər üçün uzadılması isə Azərbaycanın bu platformadakı fəaliyyətinə üzv dövlətlər tərəfindən göstərilən dəstəyin ifadəsi kimi qiymətləndirilə bilər".