Paşinyan sülh sazişinin imzalanacağı tarixi AÇIQLADI

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2027-2028-ci illərdə imzalana biləcəyini hesab edir.

İnterfaks xəbər verir ki, Paşinyan bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında bildirib.

"Azərbaycanla sülh sazişinin 2031-ci ilə qədər imzalana biləcəyini demişdim. Daha dəqiq desəm, hesab edirəm ki, biz sazişi 2027-2028-ci illərdə imzalamalıyıq, bu il çətin ki, çatdıraq", - deyə o qeyd edib.

Ermənistanın Baş naziri Azərbaycanla işləməyin vacibliyini də vurğulayıb.

"Biz Azərbaycanla işləməliyik", - deyə Paşinyan əlavə edib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni 2025-ci il avqustun 8-də Vaşinqtonda iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflanıb. Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə əldə olunan razılaşmalar çərçivəsində tərəflər sülh sazişinin imzalanması və ratifikasiyası istiqamətində əlavə addımların atılmasının vacibliyini vurğulayıblar. Saziş layihəsində tərəflərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını tanıması, bir-birinə qarşı ərazi iddialarının olmaması və gələcəkdə belə iddiaların irəli sürülməməsi nəzərdə tutulur. Sənədin qüvvəyə minməsi üçün tərəflərin daxili prosedurları tamamlaması və bununla bağlı bildirişləri mübadilə etməsi tələb olunur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31