Milli təhlükəsizliyin təmin edilməsi prioritet vəzifədir
11:37 SiyasətAzərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII-ci Qurultayındakı proqram xarakterli çıxışında qarşıda duran vəzifələri müəyyən edərkən hərbi gücümüzün artırılmasını əsas prioritetlər sırasında xüsusi olaraq qeyd etmişdir.
İkinci dünya müharibəsindən sonrakı dövrdə misli görünməyən Zəfərin - Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin tam bərpası nümayiş etdirdi ki, ölkəmiz beynəlxalq müstəvidə ən ciddi söz sahibidir və Cənubi Qafqaz regionunda ən güclü aktor qismində çıxış edir. Əldə edilən uğurumuz xalqımızın Ümummilli Lideri Heydər Əliyev siyasətinin, onun dövlətçilik konsepsiyasının təntənəsi oldu.
Post-münaqişə dövründə Azərbaycan tərəfindən yeni əməkdaşlıq formatının yaradılması, sülh sazişinin paraflanması, ölkəmizin yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətlərin aradan qaldırılması və Azərbaycanla Ermənistan arasında sülh dövrünün başlanması bölgədə davamlı təhlükəsizlik və əmin-amanlıq rejiminin bərqərar olunmasına xidmət edir. Ancaq qeyd edilənlərlə yanaşı, dövlətimiz ardıcıl formada hərbi potensialın müasir tələblər səviyyəsində saxlanılması və inkişaf etdirilməsi üçün zəruri addımları atır.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII-ci qurultayında qeyd etdiyi kimi, "biz elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətsin. Ona görə bu, birinci vəzifədir və təsadüfi deyil ki, bizim bu gün müzakirə olunan dövlət büdcəmizdə, gələn ilin büdcəsində, hərbi və təhlükəsizlik məsələləri yenə də ön plandadır və təqribən 9 milyard manata yaxın vəsait bu məqsədlər üçün nəzərdə tutulur." Əlbəttə ki, hazırki dövrdə dövlətimizin qarşısında bir çox mühüm vəzifələr durur, bizim müxtəlif ehtiyaclarımız var - Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi tərəqqinin təmin edilməsi, insanların sosial vəziyyətinin yaxşılaşdırılması və sair. Ancaq xüsusi önəm daşıyan başlıca prioritet - mürəkkəb geosiyasi şəraitdə təhlükəsizliyin təmin edilməsidir və bu istiqamətdə Dövlət Başçısının rəhbərliyi altında irimiqyaslı tədbirlər müvəffəqiyyətlə həyata keçirilir.
Nizami Səfərov
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü