Sülh müqaviləsi ətrafında siyasi düyün: Paşinyan hansı yolu seçəcək? -ÖZƏL 

"Ermənistanda parlamentə keçirilən son seçkilərdə Paşinyan qələbə qazansa da, bu qələbə ona yalnız hökuməti formalaşdırmaq və onun siyasətini yönləndirmək səlahiyyətləri verib. Konstitusiya islahatlarının həyata keçirilməsi isə iqtidar partiyasının səlahiyyətlərindən kənardır. Ölkənin əsas qanununa əlavə və dəyişikliklərin edilməsi üçün "Mülki Müqavilə" partiyası qanunvericiliklə müəyyən edilmiş kvorumu əldə etməyib. Ancaq müxalifətlə əməkdaşlıq çərçivəsində Paşinyan belə bir təşəbbüslə çıxış edə bilər. Müxalifətin geosiyasi seçimi kontekstində isə belə bir anlaşmanın əldə olunacağı real görünmür.
Paşinyan üçün Azərbaycanla münasibətlərdə mövcud status-kvonun saxlanılması bütün hallarda sərfəlidir. Bu, Azərbaycanla münasibətlərdə gərginliyin səngiməsinə, ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsinə, uzunmüddətli və dayanıqlı atəşkəsin yaratdığı sabitlik, etimad və güvən şəraitindən istifadə edərək Ermənistan iqtisadiyyatında modernləşmə siyasətinin həyata keçirilməsinə, müharibə dövründə bağlanmış kommunikasiya xətlərində və nəqliyyat dəhlizlərində canlanmaya şərait yaradır. Eyni zamanda, əhalinin rifah halının yaxşılaşması və sosial müdafiəsinin gücləndirilməsi üçün Ermənistana hava, su kimi lazım olan nəfəs dərmək imkanı verir". 

Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlamasında söyləyib: 

"Digər tərəfdən, Paşinyanın Qərbdəki bəlli dairələrlə əlaqələri və onlara bağlılığı nəzərə alınarsa, onun Azərbaycanla danışıqları "3+3" formatının çərçivəsindən kənara çıxararaq ABŞ-nin regiona yenidən, daha güclü və fərqli şəraitdə nüfuz etməsinə imkan yaratmaq, alternativ olaraq isə Rusiyanın regiondakı təsir imkanlarını məhdudlaşdırmaq üçün fəal diplomatik oyun nümayiş etdirdiyi də istisna deyil.
Paşinyan gözəl anlayır ki, yekun və qəti sülh müqaviləsinin imzalanması üçün rəsmi Bakının irəli sürdüyü şərtlərin ümumxalq referendumunda müzakirəyə çıxarılması və əksər seçicilərin dəstəyini qazanması lazımdır.
Referendumsuz ölkənin əsas qanununa rəsmi Bakının tələb etdiyi dəyişikliklərin edilməsi qanunvericilik baxımından qeyri-mümkündür. İstisna deyil ki, Paşinyan bu sülh müqaviləsinin doğura biləcəyi məsuliyyətdən yayınır, bu yükün altına girəcək bir Atlant olmaq istəmir. Regionda Qərb və Rusiya arasında nüfuz dairəsi uğrunda gedən mübarizənin perspektivlərini nəzərə alan Paşinyan, istisna deyil ki, Qərbdəki havadarlarının sifarişi ilə sülh danışıqları ətrafındakı prosesləri Azərbaycan üçün "Sizif əməyinə" çevirmək istəyir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31