Turanın yolu dindən deyil, milli kimlikdən keçir! – Cavid İsmayıl yazır
14 Oktyabr 14:00 SiyasətCavid İsmayıl
Əfəndilər! Türk var müsəlmandır, türk var xristiandır, türk var ateistdir, deistdir, tenqriçidir və ya başqa bir inanca sahibdir. Lakin bütün bu fərqlərin fövqündə onları birləşdirən ortaq bir həqiqət var - türk kimliyi, ortaq tarix, ortaq mədəniyyət və gələcəyə dair böyük bir milli ideal.
Türk dünyasının Turan amalına çatması üçün hamının eyni dinə inanması şərt deyil. Çünki Turan dini birlik layihəsi deyil, milli kimlik, tarixi yaddaş, ortaq maraqlar və strateji həmrəylik üzərində qurulmalı olan böyük bir idealdır.
Türkü Turana aparan yol onun hansı dinə inanmasından deyil, türk kimliyinə nə dərəcədə sahib çıxmasından keçir!
Bunu Türk dünyasının güclənməsini istəməyən qüvvələr də yaxşı anlayırlar. Türk düşmənləri öz məkrli niyyətlərini həyata keçirmək üçün dini və məzhəbi fərqləri qabardır, türkləri inanc üzərindən bir-birinə qarşı qoymağa çalışırlar. Onların əsas ideoloji strategiyası türkü digər türkün kimliyini dini inancı üzərindən mühakimə etməyə sövq etmək, beləliklə, ortaq milli maraqları arxa plana keçirmək və Türk dünyasının birliyinə zərbə vurmaqdır.
Unutmayaq ki, din insanın inanc və mənəviyyat məsələsidir, milli kimlik isə xalqın tarixi varlığını, mədəni yaddaşını və gələcək iradəsini ifadə edir. Bunlar bir-birini inkar etməli deyil. Ancaq heç bir dini və ya məzhəbi fərq türklər arasında düşmənçiliyə, parçalanmaya və ortaq məqsədlərin unudulmasına səbəb olmamalıdır.
Türkün müsəlmanlığı da, xristianlığı da, başqa bir inanca sahib olması da onun türk kimliyini aradan qaldırmır. Eyni zamanda, milli kimlik heç kimin dini inancını dəyişdirməyi tələb etmir.
Turan bir dinin digər din üzərində qələbəsi deyil, türk xalqlarının öz ortaq kimliklərini dərk edərək gələcəklərini birlikdə qurmaq iradəsidir!
Əgər biz Turanı həqiqətən istəyiriksə, bir-birimizin inancını, məzhəbini və.s sorğulamaq əvəzinə ortaq tariximizi öyrənməli, iqtisadi əlaqələrimizi gücləndirməli, siyasi həmrəyliyimizi artırmalı və gələcək nəsillərə güclü bir Türk dünyası miras qoymaq üçün çalışmalıyıq.
Çünki bizi birləşdirən yalnız keçmişimiz deyil, həm də gələcəyimizdir!
Türk birliyinə düşmən olanlara ismarıcımız var!
Siz bunu bacarmayacaqsınız!
Türk xalqlarının arasına dini və məzhəbi fərqlər üzərindən səpdiyiniz nifaq toxumları, milli kimliyimizdən uzaqlaşdırmaq üçün apardığınız ideoloji mübarizə bizi parçalaya bilməyəcək! Bu gün türk xalqlarını bir-birinə qarşı qoymaq üçün qızışdırdığınız nadanlıq və cəhalət sabah özünüzün də qarşısında dayanan bir mühüm problemə çevriləcək. Çünki düşünməyən, sorğulamayan və başqalarının təsiri altında qalan cəmiyyətləri idarə etmək mümkün olsa da, milli şüuru oyanmış xalqların iradəsini əbədi əsarətdə saxlamaq mümkün deyil!
Siz türkü türkə düşmən etmək, ortaq tariximizi unutdurmaq, milli kimliyimizi dini və məzhəbi sərhədlər arasında parçalamaq istəyirsinizsə, bilin ki, bizim yolumuz ayrılıq deyil, birlikdir! Bizim amalımız kiminsə inancına qarşı çıxmaq deyil, türk kimliyini və Türk dünyasının ortaq gələcəyini qorumaqdır!
Bizim amalımız Turandır!
Bu amal heç kimin dini inancını hədəf almır. Bu amal türk xalqlarının milli kimliyini dərk etməsi, bir-birinə sahib çıxması, siyasi və iqtisadi baxımdan güclənməsi, gələcəyini öz iradəsi ilə qurmasıdır.
Siz aramıza nə qədər nifaq toxumu səpsəniz də, dini və məzhəbi fərqləri nə qədər qabartsanız da, türk xalqlarının ortaq tarixini, milli yaddaşını və gələcəyə inamını məhv edə bilməyəcəksiniz!
Unutmayın, yetişdirdiyiniz cəhalət və səpdiyiniz nifaq toxumları ən qısa zaman içində öz ideoloji xəttinizin də qarşısına çıxacaq və özünüzün mənfur ideoloji siyasətinizin iflasına gətirib çıxaracaq!
Əfəndilər! Unutmayın!
Turan türk xalqlarının ortaq tarixindən, kimliyindən və gələcək iradəsindən doğan böyük bir amaldır!
Turanın yolu dindən deyil, milli kimlikdən keçir!