Azərbaycanla Laos arasında münasibətlər qarşılıqlı hörmət və əməkdaşlıq ənənələrinə əsaslanır-Özəl

"Dövlətlər arasında münasibətlərin davamlı inkişafı siyasi dialoqun iqtisadi və humanitar əməkdaşlıqla tamamlanmasını, qarşılıqlı maraqların konkret təşəbbüslər vasitəsilə reallaşdırılmasını tələb edir. Azərbaycan xarici siyasətində bu prinsipə əsaslanaraq müxtəlif regionların ölkələri ilə əlaqələrini genişləndirir, beynəlxalq tərəfdaşlığın yeni imkanlarını dəyərləndirir. Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin oktyabrın 13-də Azərbaycana rəsmi səfəri də iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Azərbaycanla Laos arasında otuz ildən artıqdır davam edən diplomatik münasibətlər qarşılıqlı hörmət və əməkdaşlıq ənənələrinə əsaslanır. Prezident İlham Əliyevin səfər çərçivəsində mətbuata verdiyi bəyanatda siyasi əlaqələrin, parlamentlərarası təmasların və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin önə çəkilməsi bu münasibətlərin ardıcıl xarakterini nümayiş etdirir. Qəbul olunmuş Birgə Bəyanatın gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirməsi isə mövcud siyasi iradənin konkret fəaliyyət istiqamətləri ilə möhkəmləndirilməsi üçün zəmin yaradır.

İkitərəfli əlaqələrin inkişafında iqtisadi əməkdaşlığın genişləndirilməsi xüsusi yer tutur. Hazırkı ticarət dövriyyəsinin hər iki ölkənin imkanlarına uyğun səviyyəyə çatdırılması üçün yeni mexanizmlərin tətbiqinə ehtiyac var. Bakıda keçirilməsi nəzərdə tutulan Laos-Azərbaycan biznes-forumu sahibkarların qarşılıqlı əlaqələrinin qurulması, bazar imkanlarının araşdırılması və birgə layihələrin müəyyənləşdirilməsi baxımından faydalı olacaq. Belə təmaslar iqtisadi münasibətlərin yalnız mövcud imkanlarla məhdudlaşmamasına, yeni əməkdaşlıq sahələrinin üzə çıxarılmasına kömək edəcək.

Energetika, mədənçilik, kənd təsərrüfatı və istehsal sahələrində əməkdaşlıq üçün də perspektivlər mövcuddur. Azərbaycanın xarici ölkələrdə investisiya layihələrinin həyata keçirilməsi sahəsində qazandığı təcrübə bu istiqamətdə tərəfdaşlıq imkanlarını artırır. Laos tərəfindən təqdim ediləcək konkret layihələrin nəzərdən keçirilməsi, investisiya təşəbbüslərinin qarşılıqlı maraqlar əsasında qiymətləndirilməsi və biznes dairələri arasında əlaqələrin genişləndirilməsi iqtisadi əməkdaşlığın nəticəyönümlü inkişafına şərait yaradacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31