Ümummilli Lider Heydər Əliyev 1986-cı ildə Laos xalqının yaddaşında silinməz iz qoyub

Laosun xarici siyasəti böyük güclər arasında manevr, iqtisadi asılılıq və regional balans üzərində qurulub. Laosun xarici siyasətini təhlil edərkən görürük ki, Çinlə artan iqtisadi əlaqələr onun strateji qərarvermə imkanlarına təsir edir. Həmçinin, ASEAN çərçivəsində diplomatik manevr imkanlarını nə dərəcədə genişləndirə bildiyi də mühüm əhəmiyyət kəsb edir.

Dənizə birbaşa çıxışı olmayan, iqtisadi və hərbi imkanları məhdud Laos üçün xarici siyasət yalnız təhlükəsizlik məsələsi deyil, həm də iqtisadi inkişafın təmin edilməsi baxımından başa düşülməlidir. Bu istiqamətdə Laos çoxvektorlu və çoxşaxəli siyasət yürüdür. İqtisadi əməkdaşlıq, infrastruktur layihələri, nəqliyyat əlaqələri və maliyyələşdirmə məsələlərinə xüsusi diqqət yetirir.

Laos üçün dəmir yolu kimi layihələr ölkənin regional nəqliyyat şəbəkələrinə inteqrasiyasını dərinləşdirir, ticarət və tranzit imkanlarını genişləndirir. Bu baxımdan region ölkələri ilə dəmir yollarının icrası mühüm əhəmiyyət kəsb edir. Bu da Trans-Xəzər nəqliyyat dəhlizinin əlaqələndirilməsi deməkdir. Bu məqam Azərbaycan üçün vacibdir. Böyük infrastruktur layihələrinin həyata keçirilməsi iqtisadi inkişafın davamlılığı baxımından vacib məqamdır.

Son illərdə Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə münasibətlərini dərinləşdirdiyini görürük. İki region arasında məsafə fərqi olsa da, atılan addımlar bu maneənin aradan qaldırılmasına zəmin yaradır.

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit bəyanatlarla çıxış edərkən bir sıra fundamental fikirlər səsləndirdilər. Bunlardan ən önəmlisi, zənnimcə, 1986-cı ildə Ümummilli Lider Heydər Əliyevin Laos Xalq İnqilab Partiyasının IV qurultayında etdiyi möhtəşəm çıxışdır.

Həmin çıxışın Laos xalqına müsbət təsir göstərməsi və bu ölkədə xoş xatirələrlə yadda qalması diqqətə çatdırıldı. Bu gün də Laosla Azərbaycan arasında münasibətlərin dərinləşdirilməsi baxımından siyasi iradə mövcuddur.

Mətbuata bəyanat zamanı cənab Prezident İlham Əliyev bir sıra məsələlərə toxundu. Beynəlxalq tədbirlər çərçivəsində iki ölkə liderinin görüşlərini xatırlatdı və bu baxımdan ikitərəfli əməkdaşlığın bundan sonra da dərinləşəcəyini vurğuladı.

Azərbaycanla Laos arasında 30 ildən çoxdur ki, diplomatik münasibətlər mövcuddur. Beynəlxalq təşkilatlar çərçivəsində həmrəyliyin şahidiyik. Siyasi müstəvidə uğurla inkişaf edən əlaqələrin iqtisadi sahədə də genişləndirilməsi nəzərdə tutulur. Bu baxımdan dövlət başçımızın artıq müvafiq göstərişlər verdiyindən də xəbərimiz oldu.

Azərbaycanla Laosu birləşdirən digər bir məqam mina problemidir. Azərbaycan ərazisində 1 milyondan çox mina basdırılıb və son beş-altı ilin statistik göstəriciləri 400-dən çox azərbaycanlının həyatını itirdiyini göstərir. Laos da mina probleminin ağır nəticələrindən əziyyət çəkən ölkələrdəndir. Ölkə ərazisində 80 milyon zərərsizləşdirilməmiş mina və partlamamış hərbi sursatın olduğu bildirilir. Həmçinin, 50 min insan tələfatı qeydə alınmışdır. Bu istiqamətdə təcrübə mübadiləsi baş tuta bilər. 

Bu gün Laosun inkişafının əsasında bir neçə istiqamət dayanır. Həmin istiqamətlərin Azərbaycanla əlaqələndirilməsi və koordinasiya edilməsi olduqca vacibdir. Çünki dövlət başçımız da bildirdi ki, azərbaycanlı investorlar Laosa investisiya yatırmaqda maraqlıdırlar, bunun üçün konkret yol xəritəsi lazımdır. 

Cənub-Şərqi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar formalaşdırılır. Düşünürəm ki, qəbul edilmiş Birgə bəyanat və artıq müəyyənləşdirilmiş əməkdaşlıq istiqamətləri sonrakı mərhələdə konkret layihələrdə öz əksini tapacaq. Bu da nəticə etibarilə Azərbaycanla Laos arasındakı münasibətləri gələcəkdə daha yüksək səviyyəyə qaldıra və qarşılıqlı faydalı əməkdaşlıq mərhələsinə keçirə bilər.

Şəbnəm HƏSƏNOVA
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31