Azərbaycanla Laos bir-birinə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirir-Özəl

"Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat Azərbaycan-Laos münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Dövlət başçısının da qeyd etdiyi kimi, bu səfər iki ölkə arasında münasibətlərə çox müsbət təsir göstərəcək və əməkdaşlığın daha da dərinləşməsinə mühüm impuls verəcək". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əliyeva deyib: "Azərbaycanla Laos arasında diplomatik əlaqələrin 30 ildən artıq tarixə malik olması münasibətlərin möhkəm siyasi təməl üzərində qurulduğunu göstərir. İllər ərzində hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirib. Bu siyasi etimadın mühüm göstəricilərindən biri də parlamentlərarası əlaqələrin genişlənməsi, hər iki ölkədə dostluq qruplarının fəaliyyət göstərməsi və hakim partiyalar arasında əməkdaşlığın mövcudluğudur.
Prezident İlham Əliyevin bəyanatında xüsusilə diqqət çəkən məqam isə siyasi münasibətlərdə əldə olunan uğurun iqtisadi əlaqələrə də transformasiya edilməsidir. Dövlət başçısının vurğuladığı kimi, mövcud ticarət dövriyyəsi iki ölkənin potensialını və qarşılıqlı niyyətlərini tam əks etdirmir. Buna görə də iqtisadi əməkdaşlığın intensivləşdirilməsi, Bakıda Laos-Azərbaycan biznes forumunun keçirilməsi və konkret investisiya layihələrinin nəzərdən keçirilməsi mühüm perspektivlər açır.
Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşunu genişləndirməsi ölkənin artan iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Bu sərmayələr yalnız iqtisadi gəlir yaratmır, eyni zamanda yeni iş yerlərinin açılmasına, istehsal sahələrinin formalaşmasına və tərəfdaş ölkələrin inkişafına töhfə verir. Laosdan konkret layihələrin təqdim olunması halında Azərbaycanın investorlarının bu imkanlara maraq göstərməsi qarşılıqlı faydaya əsaslanan yeni əməkdaşlıq modelinin formalaşmasına xidmət edə bilər.
Humanitar sahədə təhsil məsələsinin gündəmə gətirilməsi də xüsusi əhəmiyyət daşıyır. Vaxtilə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil alması iki ölkə arasında tarixi humanitar bağların olduğunu göstərir. Prezident İlham Əliyevin bu ənənənin təqaüd mexanizmləri vasitəsilə bərpa olunmasını təklif etməsi münasibətlərin yalnız siyasi və iqtisadi deyil, həm də insan kapitalı müstəvisində inkişafına şərait yaradacaq.
Azərbaycanın  və Laosun minalarla bağlı problemləri də iki ölkəni mühüm humanitar məsələdə birləşdirir. Müxtəlif tarixi şəraitdə mina təhlükəsi ilə üzləşən ölkələrin təcrübə mübadiləsi, yeni texnologiyaların tətbiqi və mütəxəssis hazırlığı bu sahədə əməkdaşlığın praktiki nəticələr verməsinə imkan yarada bilər.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə gələcək iqtisadi əlaqələrin daha da genişlənməsi baxımından xüsusi perspektivə malikdir. Laosun qonşu ölkələrlə dəmir yolu bağlantılarının inkişaf etdirilməsi və gələcəkdə Trans-Xəzər nəqliyyat marşrutuna çıxış imkanlarının yaranması Azərbaycanın formalaşdırdığı geniş nəqliyyat-logistika imkanları ilə uzlaşır.
Bütün bunlar göstərir ki, Azərbaycan-Laos münasibətlərində yeni mərhələ artıq yalnız siyasi dostluqla məhdudlaşmır. Birgə Bəyanatın qəbul edilməsi konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi sənəd olmaqla yanaşı, gələcək praktiki addımlar üçün də yol xəritəsi rolunu oynayır. Ən başlıcası isə bu münasibətlərin inkişafı üçün hər iki tərəfdə siyasi iradə və qarşılıqlı maraq mövcuddur. Prezident İlham Əliyevin "Laos bizim üçün dost ölkədir" fikri də bu münasibətlərin mahiyyətini aydın şəkildə ifadə edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31