Azərbaycan–Kamboca münasibətləri: yeni əməkdaşlıq imkanları və strateji perspektivlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə oktyabrın 12-də Bakıda keçirdiyi görüş və mətbuata birgə bəyanatlarla çıxış etməsi ölkəmizin xarici siyasətində Asiya istiqamətinin əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu təmaslar Azərbaycan ilə Cənub-Şərqi Asiya ölkələri arasında əlaqələrin genişləndirilməsi, siyasi dialoqun iqtisadi tərəfdaşlıqla möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əməkdaşlığın inkişafı yalnız coğrafi yaxınlıqla müəyyən olunmur. Qarşılıqlı maraqlar, siyasi etimad, iqtisadi potensial və beynəlxalq platformalarda birgə fəaliyyət əməkdaşlığın əsas şərtlərinə çevrilib. Azərbaycan ilə Kamboca arasında münasibətlərin inkişafına məhz bu prizmadan yanaşmaq lazımdır.

Görüşün mühüm istiqamətlərindən biri iqtisadi və ticarət əlaqələrinin inkişafı olub. Dövlət başçısının vurğuladığı kimi, iki ölkə arasında ticarət dövriyyəsi hələlik arzuolunan səviyyədə deyil. Lakin bu vəziyyət mövcud imkanların məhdudluğundan daha çox, iqtisadi potensialın tam reallaşdırılmasına ehtiyac olduğunu göstərir. Tərəflərin ticarət və investisiya əməkdaşlığı üzrə birgə işçi qrupunun yaradılması barədə razılığa gəlməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Əsas məsələ əldə olunmuş razılaşmaların konkret layihələrə, qarşılıqlı investisiyalara və yeni biznes əlaqələrinə çevrilməsidir.

Azərbaycanın əlverişli coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları və Avropa ilə Asiya arasında bağlantı rolunu gücləndirməsi Kamboca ilə iqtisadi əlaqələrin genişləndirilməsi üçün əlavə imkanlar yaradır. Kamboca isə Cənub-Şərqi Asiya regionunda əməkdaşlıq əlaqələrinin inkişafı baxımından Azərbaycan üçün perspektivli tərəfdaşlardan biri kimi çıxış edə bilər. Bu istiqamətdə biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, qarşılıqlı iqtisadi missiyaların təşkili və investisiya imkanları barədə məlumat mübadiləsinin genişləndirilməsi vacibdir.

Mətbuata bəyanatlarda təhsil, turizm, nəqliyyat, rəqəmsal transformasiya və sənaye sahələrində əməkdaşlıq məsələlərinin də müzakirə olunması diqqətəlayiqdir. Xüsusilə təhsil sahəsində əvvəlki dövrlərdə mövcud olmuş əlaqələrin bərpası və tələbə mübadiləsinin genişləndirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verə bilər. Azərbaycanın dövlət xidmətləri sahəsində uğurlu təcrübəsi, o cümlədən "ASAN xidmət" modelinə göstərilən maraq da əməkdaşlığın yeni istiqamətlərindən biri kimi qiymətləndirilə bilər.

Digər mühüm məsələ nəqliyyat əlaqələrinin inkişafıdır. Tərəflərin aviasiya sahəsində əməkdaşlıq və hava əlaqələri haqqında sazişin mümkünlüyünü müzakirə etməsi insanlar, işgüzar dairələr və turizm sektoru arasında təmasların asanlaşdırılması baxımından əhəmiyyətlidir. Birbaşa əlaqələrin və qarşılıqlı səfərlərin genişlənməsi iqtisadi əməkdaşlığın daha dayanıqlı əsaslar üzərində qurulmasına kömək edə bilər.

Kambocanın Baş naziri Hun Manetin səfər çərçivəsində üç sənədin imzalandığını qeyd etməsi və ikitərəfli əməkdaşlığın konkret nəticələrə yönəldilməsinin vacibliyini vurğulaması da diqqətdən kənarda qalmamalıdır. Bu yanaşma siyasi iradənin praktiki addımlarla möhkəmləndirilməsinə, iqtisadi əlaqələrin genişləndirilməsinə və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə zəmin yaradır.

Bütövlükdə, Azərbaycan Prezidenti İlham Əliyev ilə Kambocanın Baş naziri Hun Manetin görüşü və mətbuata birgə bəyanatları iki ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəldilməsi baxımından əhəmiyyətli hadisədir. Bu təmaslar Azərbaycanın xarici siyasətinin çoxşaxəli xarakterini, müxtəlif regionlarla qarşılıqlı faydalı əməkdaşlığa verdiyi önəmi bir daha təsdiqləyir.

Əldə olunmuş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi, iqtisadi və humanitar əlaqələrin dərinləşdirilməsi, biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi Azərbaycan-Kamboca münasibətlərinin gələcək inkişafına mühüm töhfə verə bilər. Ən başlıcası, bu əməkdaşlıq qarşılıqlı etimadın möhkəmlənməsinə və hər iki ölkənin milli maraqlarına uyğun yeni imkanların yaranmasına xidmət edəcəkdir.

Əminə Ağazadə

Milli Məclisin deputatı 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31