Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında müttəfiqlik münasibətlərinin inkişafında mühüm mərhələdir

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla münasibətlərin inkişafı xüsusi yer tutur. İki ölkə arasında dostluq və qardaşlıq təməlləri üzərində qurulan münasibətlər hazırda müttəfiqlik səviyyəsinə yüksəlib.

Azərbaycan və Özbəkistan xalqlarını ortaq tarix, dil, din, mədəniyyət və adət-ənənələr birləşdirir. Bu yaxınlıq iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin inkişafı üçün möhkəm əsas yaradıb.

Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında Ümummilli Lider Heydər Əliyevin də mühüm xidmətləri olub. Onun 18-19 iyun 1997-ci ildə Özbəkistana rəsmi səfəri ikitərəfli əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayıb.

Prezident İlham Əliyevin siyasi iradəsi və diqqəti nəticəsində isə iki ölkə arasındakı münasibətlər yeni inkişaf mərhələsinə yüksəlib. Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında qarşılıqlı inam və etimada əsaslanan münasibətlər əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.

Son 5 il ərzində Prezident İlham Əliyev Özbəkistana 2 dövlət və 4 işgüzar səfər edib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə həmin müddətdə Azərbaycana 2 dövlət və 7 işgüzar səfər edib. Bu intensiv siyasi dialoq iki ölkə arasında əlaqələrin yüksək səviyyəsini nümayiş etdirir.

İki ölkə arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin hüquqi bazası da son illərdə əhəmiyyətli dərəcədə genişlənib. Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə, Ali Dövlətlərarası Şuranın yaradılması haqqında Müqavilə və müttəfiqlik münasibətləri haqqında Müqavilə daxil olmaqla çoxsaylı sənədlər imzalanıb. Ümumilikdə, Azərbaycan və Özbəkistan arasında 220-yə yaxın sənəd imzalanıb.

Azərbaycan və Özbəkistan beynəlxalq və regional təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq edirlər. İki ölkə BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət göstərir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının dərinləşdirilməsi baxımından Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü də xüsusi əhəmiyyət daşıyır. 16 noyabr 2025-ci ildə Daşkənddə keçirilən 7-ci Məşvərət Görüşündə Azərbaycanın bu formatda tamhüquqlu iştirakı barədə qərar qəbul edilib. Bununla əməkdaşlıq formatı faktiki olaraq C5-dən C6 formatına yüksəlib.

İqtisadi əlaqələr də Azərbaycan-Özbəkistan münasibətlərinin əsas istiqamətlərindən biridir. Azərbaycanda hazırda 130-dan çox Özbəkistan şirkəti fəaliyyət göstərir. Bu şirkətlərin bir qismi işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən iqtisadi layihələrə də cəlb olunub.

2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 3 dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatıb. 2026-cı ilin yanvar-may aylarında isə ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon ABŞ dolları təşkil edib.

2023-cü ildə yaradılmış Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti də iki ölkə arasında investisiya əməkdaşlığının inkişafında mühüm platformaya çevrilib. Hökumətlərarası Komissiya isə iqtisadi, ticari və investisiya əlaqələrinin genişləndirilməsində mühüm rol oynayır. Komissiyanın 15-ci iclası 17 iyul 2026-cı ildə Daşkənddə keçirilib.

Enerji və nəqliyyat sahələrində əməkdaşlıq da inkişaf edir. 2016-cı ildən fəaliyyət göstərən "Neftegaztexnologiya" birgə müəssisəsi neft-qaz sənayesi üzrə əməkdaşlığın nümunələrindən biridir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında tranzit daşımaların həcmi 1,4 milyon ton təşkil edib.

İki ölkə arasında əməkdaşlıq işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı istiqamətində də davam edir. Füzuli rayonunda 100 hektar ərazidə "Dostluq bağı" layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Özbəkistanın təşəbbüsü ilə Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəb binası da inşa edilib.

Mədəni-humanitar əlaqələr də iki ölkə arasında münasibətlərin mühüm istiqamətlərindəndir. Azərbaycan və Özbəkistanda qarşılıqlı mədəniyyət günləri keçirilib, şəhərlər arasında qardaşlaşma əlaqələri yaradılıb. Təhsil sahəsində də qarşılıqlı əməkdaşlıq genişlənib. 2025/2026-cı tədris ilində Azərbaycanda 70 nəfərə yaxın Özbəkistan vətəndaşı, Özbəkistanda isə 180 nəfərə yaxın Azərbaycan vətəndaşı təhsil alıb.

Beləliklə, Azərbaycan və Özbəkistan arasında formalaşmış müttəfiqlik münasibətləri siyasi dialoqdan iqtisadiyyat, enerji, nəqliyyat, investisiya, mədəniyyət, təhsil və digər sahələrdə geniş əməkdaşlıq modelinə çevrilib. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri də iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31