Azərbaycan və özbək dillərinin müqayisəli tədqiqi elmi əlaqələrin inkişafına töhfə verir
12:35 SiyasətAMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsində Azərbaycan və özbək dillərinin qarşılıqlı əlaqələri, struktur-tipoloji xüsusiyyətləri və terminoloji inkişaf meyilləri uzunmüddətli elmi tədqiqatlar əsasında müqayisəli istiqamətdə araşdırılır. Tədqiqatlar yalnız qohum iki dilin oxşar və fərqli xüsusiyyətlərinin müəyyənləşdirilməsi ilə məhdudlaşmır, eyni zamanda, türk dillərinin ümumi inkişaf qanunauyğunluqlarının üzə çıxarılması baxımından elmi əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Təranə Şükürlü söyləyib.
Azərbaycan və özbək dillərinin müqayisəli tədqiqində terminologiya xüsusi yer tutur. Dosent Təranə Şükürlünün "Azərbaycan və özbək dillərində müstəqillik dövründə termin yaradıcılığının əsas meyilləri" monoqrafiyasında hər iki ədəbi dilin terminoloji sistemində baş verən yeniləşmə prosesləri sistemli şəkildə araşdırılıb. Əsərdə terminlərin yaranma yolları, leksik-semantik xüsusiyyətləri, eləcə də iki dilin termin yaradıcılığında müşahidə olunan ümumi və fərqli meyillər müqayisəli aspektdə təhlil edilib. Azərbaycan-özbək dil əlaqələrinin öyrənilməsində ikidilli lüğətlərin də xüsusi əhəmiyyəti var. Bu nəşrlər Azərbaycan və özbək dillərinin söz ehtiyatının qarşılaşdırılmasına, dil ekvivalentlərinin müəyyənləşdirilməsinə, tərcümə prosesinin asanlaşdırılmasına və iki qohum dil arasında kommunikativ əlaqələrin genişləndirilməsinə imkan yaradır.
2025-ci ildə Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin nəşr etdirdiyi "Müasir türk dillərinin ikidilli lüğəti"ndə "Azərbaycanca-özbəkcə" və "Özbəkcə-Azərbaycanca" istiqamətləri də ayrıca təqdim olunub. Lüğətin həmin bölmələrinin tərtibçisi dosent Təranə Şükürlüdür. Özbək dilinin Azərbaycan dilində öyrənilməsi və praktik istifadəsinin genişləndirilməsi baxımından dosent Günel Mirzəyevanın hazırladığı "Azərbaycanca-Özbəkcə-Türkcə" danışıq kitabçası da əhəmiyyət daşıyır. Nəşrdə özbək yazısının qısa tarixi, gündəlik ünsiyyətdə istifadə olunan söz, ifadə və cümlələr sistemləşdirilib. Kitabça Azərbaycan, özbək və türk dilləri arasında praktik kommunikasiya imkanlarının genişləndirilməsinə xidmət edir.
İnstitutda aparılan araşdırmaların mühüm istiqamətlərindən biri də dillərin fonetik, leksik, morfoloji və terminoloji materiallarının qarşılaşdırılmasıdır. Bu tədqiqatlar Azərbaycan və özbək dillərinin genetik qohumluğunun konkret dil faktları əsasında öyrənilməsinə, ortaq türk dil qatının üzə çıxarılmasına və hər iki dilin özünəməxsus inkişaf xüsusiyyətlərinin müəyyənləşdirilməsinə imkan verir. Azərbaycan və özbək dillərinin müqayisəli tədqiqi, eyni zamanda, iki ölkə arasında elmi-mədəni əlaqələrin inkişafına töhfə verir. Qohum türk dilləri arasında qarşılıqlı anlaşmanın və elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində lüğətlərin, danışıq kitabçalarının, terminoloji araşdırmaların və müqayisəli dilçilik əsərlərinin hazırlanması xüsusi aktuallıq daşıyır. Hazırda Dilçilik İnstitutunda Azərbaycan və özbək dillərinin fonetik sistemi müqayisəli aspektdə araşdırılır. Bu istiqamətdə dosent Təranə Şükürlünün "Özbək dilinin fonetikası" adlı monoqrafiyasının nəşri nəzərdə tutulur.
Aparılan tədqiqatlar Azərbaycan və Özbəkistan arasında dilçilik sahəsində elmi əməkdaşlığın daha da dərinləşdirilməsi, birgə elmi layihələrin həyata keçirilməsi üçün mühüm baza yaradır.