Akademik: Özbəkistanın aparıcı elmi müəssisələri ilə əlaqələr birgə layihələrin reallaşdırılmasına xidmət edir
12:32 SiyasətElm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu molekulyar biologiya, biotexnologiya, genomika, bioinformatika və digər müasir biologiya istiqamətləri üzrə beynəlxalq elmi əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verir.
Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru vəzifəsini icra edən, akademik İradə Hüseynova söyləyib.
Akademik bildirib ki, son illərdə institutun Özbəkistanın elmi müəssisələri ilə əlaqələri daha da genişlənib. Əməkdaşlığın əsas istiqamətlərini molekulyar biologiya, genomika, bioinformatika, transgenomika, bitki biotexnologiyası, fitovirusologiya və kənd təsərrüfatı bitkilərinin genetik xüsusiyyətlərinin öyrənilməsi təşkil edir. 2026-cı ildə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə Özbəkistan Elmlər Akademiyasının Genomika və Bioinformatika Mərkəzi arasında onlayn görüş keçirilib. Görüş zamanı tərəflər genomika, bioinformatika, molekulyar biologiya və transgenomika sahələrində aparılan tədqiqatlar, mövcud elmi potensial və laboratoriya imkanları barədə məlumat veriblər. Təcrübə mübadiləsinin genişləndirilməsi, birgə elmi layihələrin hazırlanması və beynəlxalq qrant müsabiqələrində birgə iştirak məsələləri müzakirə olunub. Eyni zamanda, kənd təsərrüfatı bitkilərinin genetik təkmilləşdirilməsi, stres amillərinə davamlı sortların yaradılması, molekulyar markerlərdən istifadə və bioinformatik analizlərin tətbiqi istiqamətlərində əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub.
İnstitutun Özbəkistanın elmi müəssisələri ilə əməkdaşlığının digər mühüm istiqamətini kadr hazırlığı və alimlərin qarşılıqlı elmi fəaliyyəti təşkil edir. Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə Özbəkistan Elmlər Akademiyasının Mikrobiologiya İnstitutu arasında beynəlxalq elmi əməkdaşlıq və kadr hazırlığı üzrə imzalanmış memorandum çərçivəsində həmin institutun Fitovirusologiya laboratoriyasının müdiri biologiya elmləri doktoru Tohir Xusanov Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasında elmi tədqiqatlar aparıb. Onun iştirakı ilə müxtəlif müasir seroloji - immunostrip və DAS-ELİSA, həmçinin molekulyar - RT-PCR və PCR metodlarından istifadə etməklə virusların diaqnostikası və bitki xəstəliklərinin tədqiqi istiqamətində araşdırmalar həyata keçirilib. İnstitutda Özbəkistan Elmlər Akademiyasının Genetika və Eksperimental Biologiya İnstitutunun böyük elmi işçisi professor Fəxrəddin Kuşanovun iştirakı ilə elmi seminar da təşkil olunub.
Özbəkistan Respublikası Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi yanında Qabaqcıl Texnologiyalar Mərkəzi ilə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu arasında da əməkdaşlıq mövcuddur. Əməkdaşlığın əsas məqsədi gələcəkdə birgə elmi layihələrin hazırlanması, qarşılıqlı tədqiqatların həyata keçirilməsi və elmi-tədqiqat istiqamətlərinin genişləndirilməsidir.
Akademik İradə Hüseynova Prezidentin Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafına verdiyi önəmi qeyd edərək bildirib ki, dövlətlərarası əlaqələrin yüksək səviyyəsi elm və təhsil sahəsində əməkdaşlığın genişlənməsinə də mühüm təkan verir. Ölkələr arasında formalaşmış qarşılıqlı etimad və qardaşlıq münasibətləri alimlər və elmi müəssisələr arasında birgə tədqiqatların aparılması, təcrübə və bilik mübadiləsinin genişləndirilməsi, elmi kadrların hazırlanması və birgə layihələrin həyata keçirilməsi üçün əlverişli imkanlar yaradır. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Özbəkistanın aparıcı elmi müəssisələri ilə qurduğu əlaqələr yalnız ayrı-ayrı tədqiqatların həyata keçirilməsi ilə məhdudlaşmır. Bu əməkdaşlıq yeni elmi istiqamətlərin formalaşdırılmasına, müasir laboratoriya imkanlarından qarşılıqlı istifadəyə, gənc tədqiqatçıların hazırlanmasına, birgə layihələrin və beynəlxalq qrant təşəbbüslərinin reallaşdırılmasına xidmət edir. İnstitutun bu istiqamətdə həyata keçirdiyi layihə və təşəbbüslər Azərbaycan-Özbəkistan elmi əlaqələrinin daha da dərinləşməsinə və beynəlxalq səviyyəli birgə tədqiqatların həyata keçirilməsinə mühüm töhfə verir.