Cənubi Qafqazda yeni reallıq: Azərbaycan yeni dünya nizamında necə rol oynayır? – TƏHLİL – ÖZƏL

"Financial Times" qəzetinin təhlilinə əsasən, Azərbaycan, Qətər, Oman, Qazaxıstan və Özbəkistan kimi ölkələr yeni beynəlxalq nizamın formalaşmasında daha fəal rol oynamaq imkanına malikdir. Nəşrin "mini-orta güclər" kimi xarakterizə etdiyi bu dövlətlərin əsas üstünlükləri zəngin enerji resursları, inkişaf etmiş nəqliyyat infrastruktur, strateji coğrafi mövqe və çevik diplomatik imkanlarla bağlıdır. Xüsusilə Azərbaycan enerji layihələri və Orta Dəhliz vasitəsilə Avropa ilə Mərkəzi Asiya arasında mühüm tranzit qovşağına çevrilməkdədir. Eyni zamanda, ölkənin müxtəlif güc mərkəzləri ilə yürütdüyü balanslı xarici siyasət onun regionda və global miqyasda geosiyasi əhəmiyyətini daha da artırır. 

Mövzunu Olaylar.az-a şərh edən siyasi şərhçi Şakir Ağayev bildirib ki, Financial Times bu təhlili həyata keçirərkən, sözsüz ki, ölkələrin həm siyasi və iqtisadi çəkisini, həm enerji ehtiyatlarını, həm logistika imkanlarını, həm də hərbi potensialını nəzərə alır. Eyni zamanda, əsas səbəblərdən biri də bu ölkələrin tam müstəqil, çevik və balanslı diplomatiya aparmasıdır. Yəni xarici siyasətdə əsas prioritetlər nəzərə alınaraq bu ölkələr milli orta güc kimi qiymətləndirilir. Azərbaycanın beynəlxalq aləmdə, beynəlxalq siyasətdə böyük dövlətlər sırasında belə bir güc kimi qeyd olunması ölkəmizin beynəlxalq aləmdə artıq siyasi çəkisinin göstəricisidir. Bu, Azərbaycanın hətta böyük dövlətlər qarşısında söz sahibi olmasının göstəricisidir. Azərbaycan dövlətlərin kiçiyindən-böyüyündən asılı olmayaraq bütün bu dövlətlərlə, ilk növbədə, öz maraqlarını qorumaq və balanslı siyasət aparmaq istiqamətində diplomatiyasını həyata keçirir.

Bu status hansı strateji üstünlüklər hesabına əldə olunub?

Azərbaycan artıq 2020-ci ildə 44 günlük müharibədə Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Azərbaycan hərbi-siyasi və iqtisadi gücünü göstərməklə Cənubi Qafqazda, regionda yeni reallıqlar formalaşdırdı. Cənubi Qafqaz yalnız Cənubi Qafqazdan ibarət bir bölgə deyil. Siz bilirsiniz ki, Cənubi Qafqazın bir tərəfində Rusiya kimi böyük dövlət, digər tərəfində isə İran var. Bunlar Azərbaycanın qonşuları olan böyük dövlətlərdir. Azərbaycan 44 günlük müharibəni qazanmaqla Cənubi Qafqazda, demək olar ki, sülh və sabitlik üçün yeni şərait yaratdı. Cənubi Qafqaza yeni layihələr gətirdi, yeni imkanlar, o cümlədən iqtisadi imkanlar üçün şərait formalaşdırdı. Sözsüz ki, Azərbaycan qeyd edildiyi kimi, logistika mərkəzi, Orta Dəhlizin əsas oyunçusu kimi çox mühüm strateji üstünlüklərə malikdir. Azərbaycan həm şimalla cənubu, həm də qərblə şərqi birləşdirir. Azərbaycan bu gün dünyanın ən böyük diqqət yetirdiyi Asiya ölkələrinə çıxış, Asiyadan Avropa ölkələrinə çıxış imkanına malikdir. Eyni zamanda, Rusiyadan, şimaldan birbaşa İrana və Fars körfəzinə çıxış imkanları mövcuddur. Bunların hamısı, təbii ki, strateji üstünlüklərdir. Orta Dəhlizin və digər layihələrin inkişafı fonunda Azərbaycan, sözsüz ki, gələcəkdə ABŞ, Çin, Rusiya, Türkiyə və Avropa dövlətləri arasında balans siyasətini davam etdirə bilər. Əgər Azərbaycan bu gün dünyanın müharibələrlə bölündüyü belə mürəkkəb vəziyyətdə, ondan əvvəl 44 günlük müharibə zamanı, müharibədən sonra və bu günə qədər bu siyasəti uğurla davam etdirirsə, sözsüz ki, gələcəkdə daha stabil və sakit bir vəziyyətdə, həmçinin Zəngəzur dəhlizinin fəaliyyətə başlamasından sonra Orta Dəhlizin əhəmiyyətinin daha da yüksəlməsi ilə Azərbaycan bu siyasəti davam etdirmək gücünə malikdir. Hesab edirəm ki, bu siyasət özünü doğruldur və Azərbaycan milli dövlət maraqlarını nəzərə almaqla belə bir siyasəti davam etdirəcək. Azərbaycan kiminsə yox, öz maraqlarının tərəfindədir, öz dövlət maraqlarının tərəfindədir. Eyni zamanda, Azərbaycan hər bir halda qarşı tərəfin maraqlarını da nəzərə almaqla xarici siyasət kursu həyata keçirir. Bu dediklərimiz reallaşdıqdan sonra yeni dünya nizamı müəyyənləşəcək. Bu nizam formalaşdıqdan sonra Azərbaycanın strateji üstünlüyü, Azərbaycanın əhəmiyyəti və rolu, mən hesab edirəm ki, daha da güclü olacaq.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31