Rusiyanın daralan diplomatik manevr imkanları: Moskva kimlərə arxalanır?- ÖZƏL

" Bu gün Rusiyanın beynəlxalq münasibətlər sistemində əvvəlki mövqeyindən əhəmiyyətli dərəcədə uzaqlaşdığı müşahidə olunur. Moskvanın Belarus və Şimali Koreya ilə yaxın münasibətləri qalmaqda davam etsə də, digər ölkələrin əksəriyyəti Rusiya ilə münasibətlərində ilk növbədə öz milli və iqtisadi maraqlarını əsas götürür. Çin də Moskva ilə əməkdaşlığını davam etdirir, lakin bu münasibətlər daha çox enerji, ticarət və geosiyasi hesablamalara əsaslanır".

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:

" Bu vəziyyətin əsas səbəblərindən biri Ukrayna müharibəsindən sonra Rusiyanın Qərblə münasibətlərinin kəskin şəkildə pisləşməsidir. Sanksiyalar, diplomatik qarşıdurma və təhlükəsizlik sahəsində artan gərginlik Moskvanın beynəlxalq əlaqələrini daraldıb. Nəticədə Rusiya əvvəlki kimi müxtəlif siyasi və iqtisadi mərkəzlərlə balanslı münasibətlər qurmaq imkanını böyük ölçüdə itirib və getdikcə daha məhdud tərəfdaş çevrəsinə söykənir.
Burada əsas məsələ yalnız hansı ölkələrin Rusiyanın yanında olması deyil. Daha ciddi problem ondan ibarətdir ki, Moskvanın tərəfdaşlarının əksəriyyəti onun siyasətini bölüşməkdən çox öz maraqlarını qorumağa çalışır. Bu isə Rusiyanın xarici siyasətdə manevr imkanlarını məhdudlaşdırır və onu ayrı-ayrı ölkələrdən daha çox asılı vəziyyətə sala bilər.
Bu proses uzunmüddətli perspektivdə Rusiya üçün iqtisadi, texnoloji və diplomatik riskləri artırır. Qərb bazarlarından və texnologiyalarından uzaqlaşma, Çin və digər tərəfdaşlardan asılılığın artması Moskvanın seçim imkanlarını daralda bilər. Üstəlik, davam edən müharibə ölkənin resurslarını tükəndirir və beynəlxalq etimad problemini dərinləşdirir.
Ona görə də qarşıdakı dövr Rusiya üçün kifayət qədər mürəkkəb görünür. Əgər Moskva xarici siyasətdə qarşıdurma xəttini davam etdirərsə, beynəlxalq təcrid daha da dərinləşə və ölkənin tərəfdaşlarla münasibətlərində asılılıq arta bilər. Bu isə Rusiyanın qarşısında duran əsas strateji problemin təkcə müharibə deyil, getdikcə daralan diplomatik və iqtisadi manevr imkanları olduğunu göstərir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31